SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
İyulun 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Əvvəlcə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2003-cü il 16 iyun tarixli iclas protokolu yekdilliklə təsdiq edilmişdir. Komissiya daha sonra, Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsini təsdiq edən qərar qəbul olunması məsələsinə baxmışdır. Azərbaycan Respublikası Prezidentliyinə namizədlikləri özləri tərəfindən irəli sürülmüş Tağıyev Zakir Mahmud oğlunun və Pənahlı Nemət Əhəd oğlunun Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri sənədlər qüsurlara yol verildiyinə və Seçki Məcəlləsinin tələblərinə uyğun hazırlanmadığına görə onların Prezidentliyə namizədliklərinin təsdiq olunmaması haqqında qərar verilmişdir. “Milli demokratlar” seçicilərin təşəbbüs qrupu tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş Həmidov İsgəndər Məcid oğlunun Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsi qanununun tələbləri əsas tutulmaqla təsdiq olunmamışdır. Komissiya Azərbaycan Demokrat Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş Quliyev Rəsul Bayram oğlunun namizədliyini Azərbaycan Konstitusiyasının və Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrini əsas tutmaqla təsdiq etməmişdir. “Böyük Azərbaycan” seçicilərin təşəbbüs qrupu tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş Musayev Elşad Nəbi oğlunun təqdim olunan sənədləri qanun tələblərinə riayət edilmədən hazırlandığına görə onun namizədliyinin təsdiq olunmaması qərara alınmışdır. Komissiya “Milli Birlik” seçicilərin təşəbbüs qrupu tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş Hacıyeva Lalə-Şövkətin, habelə Milli İstiqlal Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Məmmədov Etibar Səlidar oğlunu Azərbaycan Respublikası Prezidentliyinə namizədliklərini təsdiq etməyi qərara almışdır. İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), Türkiyə, Yaponiya, Almaniya səfirliklərinin və ATƏT-in Bakı ofisinin təmsilçiləri, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Mərkəzi Seçki Komissiyasının Mətbuat xidməti.