SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
İyulun 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirovun Azərbaycan Naminə Alyans Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş cənab Səmədov Abutalıb Qənbər oğlunun Azərbaycan Respublikası prezidentliyinə namizədliyinin təsdiq olunması haqqında məlumatı dinlənilmişdir. Komissiya bu məsələnin müzakirəsindən sonra iddiaçının prezidentliyə namizədliyini təsdiq etməyi qərara almışdır. Sonra prezidentliyə digər iddiaçıların namizədliklərinin təsdiqi məsələsinə baxılmışdır. Azərbaycan Respublikası prezidentliyinə namizədliyi özü tərəfindən irəli sürülmüş Əbdülov Əbdül Almas oğlunun namizədliyinə dair təqdim olunmuş sənədlər düzgün rəsmiləşdirilmədiyinə görə təsdiq edilməmişdir. Müasir Müsavat Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş cənab Hacıyev Hafiz Ələmdar oğlu prezidentliyə namizəd kimi təsdiq olunmusdur. Komissiya “Böyük Azərbaycan” seçicilərin təşəbbüs qrupunun namizədi Musayev Elşad Nəbi oğlunun səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə qərar qəbul etmişdir. İclasın sonunda Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədovun 2003-cü il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılması haqqında məlumatı dinlənilmişdir. Sənədlərin araşdırılması və müvafiq qərar qəbul edilməsindən ötrü Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Komissiyanın içlasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in Bakı ofisinin, Yaponiya səfirliyinin, Fransa səfirliyinin təmsilçiləri, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Mərkəzi Seçki Komissiyasının Mətbuat xidməti.