SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
İyulun 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. İclasda Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov “Azərbaycançılıq naminə” seçicilərin təşəbbüs qrupu tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İbrahimli Toğrul Əsəd oğlunun namizədliyinin təsdiq olunması haqqında məlumat vermişdir. O, təqdim olunmuş sənədlərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun hazırlandığını bildirmişdir. Komissiya üzvləri bu məsələni müzakirə etdikdən sonra onun təsdiq olunmasını qərara almışdır. İclasda daha sonra Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudovun “Dövlət Avtomatlaşdırılmış İnformasiya sistemindən seçkilərdə (referendumda) istifadə edilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə məlumatı dinlənilmişdir. Komissiya üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Təlimatın əsas kimi təsdiq olunması qərara alınmışdır. Komissiya dairə seçki komissiyalarında sədr və katiblərin seçilməsinin qanunla hüquq verilmiş şəxslərin razılığına əsasən həll edilməsini qərara almışdır. İclasın sonunda kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Mərkəzi Seçki Komissiyasının nəzdində Mətbuat Qrupu haqqında Təlimata baxılması növbəti iclasların birinədək təxirə salınmışdır. İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in Bakı ofisinin təmsilçiləri, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti.