SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Mərkəzi Seçki Komissiyasının 2004-cü il 25 may, 21 iyun və 23 iyun tarixli iclaslarının protokolları təsdiq olunduqdan sonra MSK üzvü Azər Tağıyev Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı sənəd nümunələrinin layihələri barədə məlumat vermişdir. Komissiya həmin nümunələrin təsdiq olunması haqqında qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov Milli Məclisə seçkilərdə irəli sürülməsi dairə seçki komissiyasında təsdiq olunmuş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və müvafiq dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimatın layihəsi barədə məlumat vermişdir. MSK bu sənədin təsdiq olunması barədə qərar çıxarmışdır.
MSK sədrinin müavini Svetlana Qasımova 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar–Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilərə hazırlıqla bağlı keçiriləcək seminarın gündəliyi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası seminarın gündəliyini təsdiq etmişdir.
Sonra cari məsələlər müzakirə olunmuşdur.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.