SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Mərkəzi Seçki Komissiyası martın 5-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək əlavə seçkilərdə 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən seçki dairələrinin seçki məntəqələrində səsvermənin yüksək səviyyədə təşkili, vətəndaşların öz seçki hüquqlarını sərbəst həyata keçirmələrinin təmin olunması, səslərin hesablanmasının və səsvermənin nəticələrinin müəyyən edilməsində qüsurlara yol verilməməsi məqsədilə son təşkilati tədbirləri davam etdirir.
MSK-dan AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Mərkəzi Seçki Komissiyasının beynəlxalq sertifikat almış təlim qrupu Seçki Sistemləri üzrə Beynəlxalq Fondun \İFES\ Bakı nümayəndəliyinin əməkdaşlırı ilə birlikdə bu ilin 18-25 fevralında göstərilən seçki dairələrində dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seminar məşğələləri keçirmişdir. Seçki komissiyalarının üzvlərinə onların hüquq və vəzifələri, səslərin düzgün hesablanması və səsvermənin nəticələri haqqında protokolların tərtibi slaydlar vasitəsilə nümayiş etdirilmiş, seminar iştirakçılarını maraqlandıran məsələlərlə bağlı praktik məşğələlər aparılmışdır.
Seminar-müşavirələrdə üç secki dairəsi və 200-dək seçki məntəqəsi komissiyalarının 1000 nəfərədək üzvü iştirak etmişdir.
Dairə və məntəqə seçki komissiyaları Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə əsasnamə, qayda və təlimat topluları, rəngli təşviqat plakatları, Milli Məclisə əlavə seçkilər günü məntəqə seçki komissiyaları üçün yaddaş kitabçaları, sair seçki sənədləri və əyani vəsaitlərlə təmin olunmuşlar.