SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabineti qərara almışdır ki, dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə bu qərara əlavə olunan sutkalıq ödənişlər müəyyən edilsin.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
“Xarici üzgüçülükdə işləyən sovet gəmilərinin heyətinə xarici valyutada ödənişlərin qaydaya salınması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 30 iyul tarixli 229 nömrəli qərarı qüvvədən düşmüş hesab olunmuşdur.
X X X
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya və müavinət xərclərinin, bu Qanunla nəzərdə tutulmuş dövlət proqramlarına uyğun olaraq əlillərin, işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsini nəzərə alaraq, həmin maliyyələşmənin mexanizminin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul etmişdir.
Qərarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə işləməyən əhaliyə pensiya və müavinətlərin ödənilməsi üzrə vəsaitlərin məbləği barədə illik proqnozu müəyyənləşdirsin; məşğulluq xidməti orqanlarının və Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin müvafiq idarə aparatının saxlanılması ilə əlaqədar xərclər smetasını təsdiq edib Dövlət Sosial Müdafiə Fonduna və Maliyyə Nazirliyinə təqdim etsin.
Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları işləməyən əhaliyə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün ötən ayın faktiki xərcinə müvafiq olaraq avans şəklində hər ayın 20-nə qədər, dəqiqləşdirilmiş tələbat əsasında isə ayın sonunadək əhalinin sosial müdafiəsi mərkəzlərinə vəsait köçürməlidirlər.
Əhalinin sosial müdafiəsi mərkəzləri daxil olan vəsaitləri müvafiq ödəniş müəssisələrinə köçürməli, ödəniş müəssisələri isə daxil olmuş vəsaitlərin bilavasitə işləməyən əhaliyə çatdırılmasını təmin etməlidir. Işləməyən əhaliyə pensiya və müavinətlərin ödənişi onların ərizələrinə əsasən Rabitə Nazirliyinin yerli orqanları və müvafiq banklar tərəfindən həyata keçiriləcəkdir.
Işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi, eləcə də əlillərin sosial müdafiəsi və reabilitasiyası üzrə hər il Nazirlər Kabineti tərəfindən təsdiq olunan dövlət proqramlarında nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi hər ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin və Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin verdikləri sifarişlər əsasında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mərkəzləşdirilmiş qaydada onların xəzinə hesablarına köçürüləcəkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işləməyən əhaliyə pensiya və müavinətlərin ödənişi, Baş Məşğulluq İdarəsi və Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi isə müvafiq dövlət proqramlarına uyğun olaraq əlillərin, işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi və onların idarə aparatlarının saxlanılmasına köçürülmüş vəsaitlərin xərclənməsi barədə Dövlət Sosial Müdafiə Fonduna hər rüb artan yekunla Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş formalarda hesabat təqdim etməlidirlər.
Pensiya və müavinətlərin əhaliyə çatdırılması, məşğulluq və əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödəniləcəkdir.
Bank köçürmələrinin hazırlanmasına və işlənməsinə görə xidmət haqqı və nağd pul vəsaitinə görə banklar tərəfindən tutulan haqqın məbləği, habelə pensiya, müavinət və yardımların əhaliyə çatdırılması üçün xidmət haqqının məbləği Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Rabitə Nazirliyi və müvafiq banklar arasında bağlanmış müqavilələrlə tənzimlənməlidir.
Maliyyə Nazirliyinə tapşırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Baş Məşğulluq İdarəsinin və Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin xərclərinin kassa icrasının Dövlət Xəzinədarlığı vasitəsilə həyata keçirilməsini təmin etsin. Baş Məşğulluq İdarəsinin, Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin və onların yerli orqanlarının 2002-ci il 1 yanvar tarixə bank hesablarında olan vəsait qalıqları Dövlət Sosial Müdafiə Fondunun və onun müvafiq yerli orqanlarının hesablarına köçürülməlidir.
Dövlət Sosial Müdafiə Fondunun və onun yerli orqanlarının cari mədaxil və məxaric hesablarında və onların idarə aparatının saxlanılması üzrə hesablaşma hesablarında, əhalinin sosial müdafiəsi mərkəzlərinin tranzit hesablarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin və Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin və onların yerli orqanlarının tədbirlərinin həyata keçirilməsi və idarə aparatlarının saxlanılması üçün vəsaitlərinin ilin sonuna xərclənməmiş hissəsinin tam məbləğdə növbəti ilə keçirilməklə Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi yığım hesablarına köçürülməsi və büdcədən maliyyələşən təşkilatların pensiya və müavinət hesablarında qalan vəsait qalıqlarının Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi yığım hesablarına köçürülməsi təmin olunmalıdır.
Müəyyən edilmişdir ki, əhaliyə pensiya və müavinətlərin təyin edilməsinin düzgün aparılmasına və vəsait tələbatlarının dəqiq müəyyənləşdirilməsinə, eləcə də məşğulluq və əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi üzrə vəsaitlərin öz təyinatına xərclənməsinə - Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi; işləməyən əhaliyə pensiya və müavinət vəsaitlərinin təyinat üzrə əhaliyə vaxtında və düzgün çatdırılmasına – ödəniş müəssisələri; tələb olunan vəsaitin vaxtında maliyyələşdirilməsinə - Dövlət Sosial Müdafiə Fondu; verilmiş sifarişlər əsasında xəzinə əməliyyatlarının vaxtında aparılmasına – Maliyyə Nazirliyi məsuliyyət daşıyırlar.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərarlar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.