SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi haqqında Əsasnamə”nin 6.3-cü bəndinin və “Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının 3-cü bəndinin 11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərenerji” Səhmdar Cəmiyyətinin Dövlət enerjinəzarət idarəsinin Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin birbaşa tabeliyinə verilməsi barədə qərar qəbul etmişdir.
Bu qərara əsasən, “Azərenerji” Səhmdar Cəmiyyətinin Dövlət enerjinəzarət idarəsi və onun rayonlararası şöbələri mövcud ştat vahidləri və əsas vəsaitləri ilə (elektrik sayğaclarının təmiri, tənzimlənməsi və quraşdırılması üzrə Bakı şəhərindəki sexi və onun Gəncə, Sumqayıt və Əli Bayramlı şəhərlərindəki sahələr, sexə məxsus olan əsas vəsaitlər istisna olmaqla) Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin birbaşa tabeliyinə verilmişdir.
Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi “Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamənin təsdiqi barədə” Nazirlər Kabinetinin 1996-cı il 3 oktyabr tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə”nin yeni redaksiyasını 10 gün müddətində hazırlayıb təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Qərar imzalandığı gündən qüvvəyə minir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.