SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
Azərbaycan Milli Elmlər Akademiyasının respublika İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, MEA-nın strukturunu təkmilləşdirmək, elmi-texniki potensialın istifadəsinin səmərəliliyini artırmaq və prioritet istiqamətlərə yönəltmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, Azərbaycan MEA-nın H.Abdullayev adına Fizika İnstitutunun və Fotoelektronika İnstitutunun bazasında – Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu; M.Nağıyev adına Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun və Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun bazasında – Azərbaycan Milli Elmlər Akademiyasnın Kimya Problemləri İnstitutu; Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutunun, Milli Münasibətlər İnstitutunun və İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun bazasında – Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu; Radiasiya tədqiqatları sektorunun bazasında – Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu; İnformasiya -Telekommunikasiya Elmi Mərkəzinin bazasında – Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu yaradılsın.
Azərbaycan Milli Elmlər Akademiyası bu qərardan irəli gələn məsələləri həll etməlidir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.