SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDAN CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Bünövrəsi 84 il bundan əvvəl qoyulan, keşməkeşli tarixi yol keçən, respublikamızda dövlət müstəqilliyi bərpa edildikdən sonra cəmiyyətdə baş verən mürəkkəb ictimai-siyasi hadisələr mühitində yenidən formalaşan milli təhlükəsizlik orqanları məhz Sizin rəhbərliyiniz, gündəlik qayğı və tələbkarlığınız nəticəsində qısa zaman kəsiyində təşəkkül tapmış, inkişaf etmiş ölkələrin xüsusi xidmətləri ilə bir sırada dayanmağa müvəffəq olmuşlar. Milli Təhlükəsizlik Nazirliyində xalqa və Vətənə sədaqətin, tapşırılmış sahə üçün məsuliyyət hissinin Heydər Əliyev ənənələri bərqərar olmuşdur. Hazırda nazirlik öz sıralarında mənəviyyatca sağlam, əzmkar, Vətənin hər hansı tapşırığını yerinə yetirməyə qadir olan fədakar insanları birləşdirir. Bütün Azərbaycan xalqı kimi, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti də Sizin millətimizə təmənnasız məhəbbətdən qaynaqlanan fəaliyyətinizi, ölkənin tərəqqisi və inkişafı naminə göstərdiyiniz əzmkarlığı yüksək qiymətləndirir.
Biz bu gün böyük iftixar hissi ilə qeyd edirik ki, son illər ərzində Sizin göstəriş, tapşırıq və tövsiyələrinizi daim əldə rəhbər tutan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Azərbaycanın suverenliyinin, konstitusiya dövlət quruluşunun qorunmasında, xarici ölkələrin xüsusi xidmət orqanlarının, ayrı-ayrı qrup və şəxslərin terror-təxribat və başqa pozuculuq əməllərinin aşkarlanması və qarşısının alınmasında öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişlər. Respublikanın digər hüquq-mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilmiş çoxsaylı əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alınmış, ictimai-siyasi sabitlik daha da möhkəmləndirilmiş, cinayətkarlığa qarşı mübarizə gücləndirilmişdir. Nazirliyin beynəlxalq terrorizmlə mübarizə sahəsində xüsusilə önəmli fəaliyyəti Azərbaycan Respublikasını antiterror koalisiyasının ön sıralarına çıxarmışdır.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Həyata keçirdiyiniz müdrik daxili və xarici siyasət kursuna sadiqliyimizi bu bayram günündə bir daha bəyan edir, fəaliyyətimizi bu siyasətdən irəli gələn vəzifələr istiqamətində qurur və təkmilləşdiririk. Azərbaycanın milli maraqlarının təmin edilməsi və xalqımızın işıqlı gələcəyi naminə göstərdiyiniz böyük səylərdə yaxın silahdaşınız olmaqdan şərəf duyur, Sizin tələblərə layiq olmaq üçün daha əzmlə çalışmağı özümüzə borc bilirik.
Sizi və xalqımızı qəti əmin edirik ki, milli təhlükəsizlik orqanları dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə möhtəşəm fəaliyyətinizdə ən etibarlı köməkçiniz olacaq, bizə göstərilən inam və etimadı ləyaqətlə doğruldacaqdır.