RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ MOSKVA DÖVLƏT BEYNƏLXALQ MÜNASİBƏTLƏR İNSTİTUTUNUN - UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMİŞDİR
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun – Universitetinin (MDBMİS(U)) Elmi Şurasının yığıncağı Rusiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın və səmərəli əməkdaşlığın inkişafına töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə “MDBMİ –Universitetinin fəxri doktoru” adı verilməsini qərara almışdır.
MDBMİ(U)-nun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, “Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) fəxri doktoru” adı xarici ölkələrin görkəmli dövlət, siyasi və ictimai xadimlərinə, habelə beynəlxalq münasibətlər və xarici siyasət məsələləri ilə məşğul olan alimlərə verilir. Bu adın verilməsinə namizədlər institutun (universitetin) tədris-pedaqoji və elmi bölmələri tərəfindən irəli sürülür və MDBMİ(U)-nun Elmi Şurasında müzakirə olunur.
MDBMİ(U)-nun fəxri doktoru institutun (universitetin) Məzunları Assosiasiyası Qəyyumluq Şurasının fəxri üzvü olur.