RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN AVSTRİYA RESPUBLİKASININ PREZİDENTİ KLESTİL İLƏ GÖRÜŞÜ
Heydər Əliyev Avstriya dövlətinin başçısını faşizm üzərində Qələbənin 50 illiyi münasibətilə təbrik etdi. Cənab Klestil Heydər Əliyevlə görüşündən məmnun olduğunu söylədi və son illərdə müstəqillik qazanmış Azərbaycan Respublikasının Dağlıq Qarabağ problemi ilə qarşılaşdığından xəbərdar olduğunu bildirdi.
Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsi haqqında ətraflı məlumat verərək, ATƏT-in Minsk qrupunun fəaliyyətindən danışdı və ölkəmizin bu müharibəyə ATƏT və onun Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə son qoymaq istədiyini qeyd etdi.
Azərbaycan rəhbəri Avstriya ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən də danışdı. Heydər Əliyev qeyd etdi ki, beynəlxalq təşkilatların bir çoxunun iqamətgahlarının Avstriya paytaxtında yerləşdiyini nəzərə alaraq, o, Vyanada Azərbaycan Respublikası səfirliyinin açılması barədə qərar qəbul etmişdir.
Cənab Klestil qeyd etdi ki, Vyanada Azərbaycan səfirliyinin işə başlaması ölkələrimiz arasında münasibətlərin inkişafına və əlaqələrin genişləndirilməsinə kömək göstərəcəkdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran başqa məsələlərə də toxunuldu.