RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BMT BAŞ KATİBİ BUTROS BUTROS-QALİ İLƏ GÖRÜŞÜ
Azərbaycan rəhbərinin Qafqazda müstəqil siyasət yeritməsi, ölkəmizin müstəqilliyini və suverenliyini qorumaq yolunda qətiyyətli, cəsarətli və əzmkar mübarizə aparması dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar və onların başçıları tərəfindən yüksək qiymətləndirilir. Dövlətimizin başçısı Heydər Əliyevin BMT-nin rəhbəri ilə növbəti görüşü bunu bir daha sübut etdi. Doktor Butros Butros-Qali Azərbaycan Prezidentini səmimiyyətlə qucaqlayaraq, ona öz hörmət və rəğbətini “mənim dostum, qardaşım, Sizi yenidən görməyimə çox şadam, Sizin yeriniz həmişə ürəyimin başındadır” sözləri ilə ifadə etdi. Heydər Əliyev də cənab Butros Butros-Qali ilə yeni görüşündən hədsiz məmnunluq hissi keçirdiyini söylədi və faşizim üzərində Qələbənin 50 illiyi münasibətilə BMT rəhbərini səmimi təbrik edərək, ona uzun ömür, cansağlığı arzuladı. Azərbaycan Prezidenti dedi ki, qoy, yer üzündə bir daha belə dəhşətli müharibələr baş verməsin.
Səmimi sözlər üçün təşəkkür edən Baş katib bildirdi ki, Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll olunması Birləşmiş Millətlər Təşkilatının daim diqqət mərkəzindədir və əgər Prezident Heydər Əliyev razılıq versə, o, Azərbaycana xoşməramlı missiya göndərmək niyyətindədir.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycana diqqət göstərməsinə, BMT-nin öz əzəli prinsiplərinə - dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, onların müstəqilliyinin və suverenliyinin qorunması prinsiplərinə sadiq olduğuna görə Heydər Əliyev Azərbaycan xalqı adından Baş katibə təşəkkürünü bildirdi. BMT-nin Azərbaycana gələcək xoşməramlı missiyasını məmnuniyyətlə qarşılayacağını söyləyən Prezident qeyd etdi ki, bu, münaqişənin aradan qaldırılmasında yeni vasitəçilik səyləri göstərilməsindən ibarət olmamalıdır.
Cənab Butros Butros–Qali Azərbaycan rəhbəri ilə tam razı olduğunu bildirərək dedi ki, münaqişəyə son qoyulmasında vasitəçilik etmək istəyənlər onsuz da kifayət qədərdir. O, Azərbaycana xoşməramlı nümayəndə heyəti göndərməklə yeni bir vasitəçilik missiyasına başlamaq niyyətində deyildir. Bundan məqsəd münaqişənin aradan qaldırılmasına BMT-nin daim maraq göstərdiyini və problemin ATƏT və onun Minsk qrupu çərçivəsində həllini dəstəklədiyini bir daha sübut etmək, eyni zamanda Azərbaycanın indiki vəziyyəti, iqtisadi-siyasi islahatların həyata keçirilməsinin gedişi barədə ətraflı məlumat əldə etmək, gələcəkdə BMT xətti ilə yardımın artırılması üçün qaçqınların ehtiyaclarını öyrənməkdir.
BMT-nin Baş katibi münaqişəyə sülh yolu ilə son qoyulması barədə aparılan danışıqların vəziyyəti ilə maraqlandı. Azərbaycan Prezidenti ATƏT-in Budapeşt Zirvə toplantısında münaqişə ilə bağlı çox mühüm sənədin qəbul olunmasından sonra gedən danışıqlar haqqında ətraflı məlumat verərək, Minsk qrupunda iki həmsədrin fəaliyyət göstərdiyini qeyd etdi və bildirdi ki, hazırda bu vəzifələri Rusiya və Finlandiya nümayəndələri yerinə yetirirlər. Heydər Əliyev ATƏT-ə Macarıstanın rəhbərlik etdiyi və Finlandiya nümayəndəsinin Minsk qrupuna həmsədrliyi dövründə Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulacağına ümid bəslədiyini bildirdi. Azərbaycan Prezidenti həm Minsk qrupunun, həm də ATƏT-in üzvü olan digər dövlətlərin başçıları ilə apardığı danışıqlar barədə də məlumat verdi. Bununla yanaşı, Heydər Əliyev qeyd etdi ki, biz Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoqlara da tərəfdarıq və bunu həyata keçiririk.
Ətraflı məlumata görə Azərbaycan rəhbərinə təşəkkürünü bildirən Baş katib dedi ki, münaqişənin dinc yolla aradan qaldırılmasında ATƏT-ə əlindən gələn köməyi edəcəkdir.