RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ERMƏNİSTAN RESPUBLİKASININ PREZİDENTİ LEVON TER-PETROSYANLA GÖRÜŞÜ
Dörd gündən sonra atəşin dayandırılmasının bir ilinin tamam olacağını xatırladan Heydər Əliyev Ermənistan Prezidentinə bildirdi ki, Azərbaycan atəşkəs rejiminə tərəfdardır. Lakin atəşkəsdən istifadə edərək tezliklə sülh sazişi imzalamaq lazımdır.
Ermənistan Prezidenti də atəşkəs rejiminə sadiq qalacaqlarını və Rusiya Prezidenti Boris Yeltsinin ona məktubla müraciət etdiyini bildirdi. Azərbaycan Prezidenti dedi ki, o da belə bir məktub almışdır.
Tərəflər Azərbaycan ilə Ermənistan arasında dialoqu genişləndirməyin vacib olduğunu qeyd etdilər. Söhbət zamanı əsirlərin və girovların dəyişdirilməsi məsələsinə də toxunuldu. Heydər Əliyev bildirdi ki, Azərbaycanda belə şəxslər azdır. Ermənistanda isə əsir və girov kimi saxlanılan çoxlu Azərbaycan vətəndaşı var. Azərbaycan rəhbəri əsir və girov götürülmüş şəxslərin “Hamını hamıya” prinsipi ilə dəyişdirilməsini təklif etdi. O dedi ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin siyahısında göstərilən əsir və girovların dəyişdirilməsi sürətlədirilməlidir. Prezidentlər bu tədbirlərin həyata keçirilməsi üçün qayıdan kimi telefon əlaqəsi saxlamağı qərara aldılar.
Söhbət zamanı sülh danışıqlarının sürətləndirilməsi məsələsinə də toxunuldu.