RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN MAKEDONİYA PREZİDENTİ KİRO QLİQOROV İLƏ GÖRÜŞÜ
Faşizm üzərində Qələbənin 50 illiyi münasibətilə Azərbaycan Prezidentini təbrik edən Kiro Qliqorov Heydər Əliyevlə yeni görüşündən məmnun olduğunu söylədi. Azərbaycan rəhbəri də Makedoniya Prezidenti ilə yenidən görüşmək imkanından razı qaldığını bildirdi və onu əlamətdar yubiley münasibətilə təbrik etdi.
Makedoniya Pezidenti dedi ki, Heydər Əliyev hələ 1976-cı ildə SSRİ-nin böyük nümayəndə heyətinin başçısı kimi Yuqoslaviyaya gələrkən ölkə parlamentinin sədri kimi onunla görüşmüşdür. O bundan sonra Heydər Əliyevlə daha iki dəfə Moskvada görüşdüyünü də xatırlatdı və dedi ki, indi isə zaman dəyişmişdir və biz iki müstəqil dövlətin başçıları kimi görüşürük. Daha sonra Kiro Qliqorov Makedoniya Respublikasının daxili vəziyyəti, gənc dövlətin qarşılaşdığı problemlər barədə Azərbaycan Prezidentinə məlumat verdi və dedi ki, o, Heydər Əliyevi Makedoniyanın dostu hesab edir.
Heydər Əliyev qeyd etdi ki, Azərbaycan Respublikası da son illərdə müstəqillik qazanmışdır və bu baxımdan ölkələrimiz arasında oxşarlıq çoxdur. Ermənistan Respublikasının Azərbaycana qarşı açıq hərbi təcavüzündən, bunun acı nəticələrindən ətraflı danışan dövlətimizin başçısı beynəlxalq məclislərdə Makedoniya və Azərbaycanın bir-birinin mövqeyini dəstəkləməsinin vacib olduğunu vurğuladı. Heydər Əliyev qeyd etdi ki, cənab Kiro Qliqorov ilə onun arasında yaranmış dostluq münasibətləri ölkələrimizin xalqlarının bir-birinə yaxınlaşması, qarşılıqlı əlaqələrin genişlənməsi üçün yaxşı nümunə ola bilər.
Azərbaycan Prezidenti Heydər Əliyev Makedoniya rəhbərini ölkəmizə rəsmi səfərə dəvət etdi.