RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV BELARUS RESPUBLİKASININ PREZİDENTİ ALEKSANDR LUKAŞENKO İLƏ GÖRÜŞMÜŞDÜR
Görüşdə qeyd edildi ki, uzun illər ərzində keçmiş Sovet İttifaqı tərkibində bu respublikaların iqtisadi, elmi, mədəni əlaqələrinin indiki şəraitdə yeni istiqamətdə qurulmasına böyük ehtiyac vardır, qarşılıqlı surətdə faydalı əməkdaşlığın bərpası hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir.
Prezidentlər öz ölkələrindəki ictimai, siyasi, iqtisadi vəziyyət barədə bir-birinə məlumat verərək, belə bir yekdil rəydə oldular ki, həm Azərbaycanda, həm də Belarusda sıx əlaqələr üçün potensial imkanlar çoxdur və bütün bunlardan dolğun istifadə edilməsi üçün tezliklə konkret tədbirlər görülməlidir.
Dövlət başçıları öz ölkələrində həyata keçirilən iqtisadi islahatlar haqqında da geniş söhbət açdılar və bu barədə təcrübə mübadiləsi aparılmasının vacib olduğunu bildirdilər.
Mehribanlıq və dostluq şəraitində keçən görüşdə Azərbaycan və Belarus respublikalarını maraqlandıran bir sıra konkret məsələlər də nəzərdən keçirildi.