AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV BELARUS RESPUBLİKASININ PREZİDENTİ ALEKSANDR LUKAŞENKO İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 9-da Moskvada Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşmüşdür.
Bir-birini səmimiyyətlə salamlayan Prezidentlər Moskvada Qələbənin 50 illiyi şənliklərində müstəqil dövlətlərin başçıları kimi iştirak etmələrindən məmnunluqla söhbət açdılar. Onlar xalqlarımızın bu qələbədəki mühüm rolundan da bəhs etdilər. Qeyd olundu ki, həm Belarus xalqı, həm də Azərbaycan xalqı o ağır illərdə böyük hünər, dözüm, fədakarlıq və ləyaqət nümayiş etdirmişlər.
Görüşdə Belarus və Azərbaycan respublikalarının əməkdaşlıq perspektivlərindən bəhs edildi və bildirildi ki, bütün sahələrdə əlaqələrin daha da sıxlaşdırılması imkanlarından istifadə olunmalıdır.
Dövlət başçıları öz ölkələrində demokratik islahatların gedişi barədə bir-birinə dolğun məlumat verdilər. Onlar belə bir yekdil rəyə gəldilər ki, hər iki ölkədə keçid dövrünün çətinliklərindən ən az itkilərlə yaxa qurtarmaq üçün təcrübə mübadiləsindən istifadə edilməsi faydalıdır. Ona görə də nümayəndə heyətlərinin müntəzəm görüşləri vasitəsilə əlaqələri daha da möhkəmləndirmək, dövlətlərarası hüquqi sənədlər imzalanmasına hazırlıq işlərini sürətləndirmək lazımdır.
Heydər Əliyev Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında və bu müharibəyə beynəlxalq təşkilatlar vasitəsilə son qoyulması üçün görülən tədbirlər barədə Aleksandr Lukaşenkoya geniş söhbət açdı.
Xəbərin mətnində orfoqrafik səhv var