RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV BOLQARISTAN RESPUBLİKASININ PREZİDENTİ JELYÜ JELEV İLƏ GÖRÜŞMÜŞDÜR
Söhbətdə Azərbaycan Prezidentinin Bolqarıstana qarşıdakı səfəri ilə bağlı məsələlər müzakirə edildi və bu səfər zamanı ölkələrimiz arasında imzalanacaq sazişlərin layihələri barədə fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycanla Bolqarıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün nəzərdə tutulan qarşılıqlı surətdə faydalı tədbirlərin həyata keçirilməsi məsələləri də müzakirə edildi. Tərəflər bu əlaqələrin çox geniş perspektivləri barədə yekdil fikirdə olduqlarını söylədilər.
Azərbaycan ilə Bolqarıstanın tarixi ənənələrə malik dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün bir sıra konkret sahələrdə inamlı addımlar atılmasının mühümlüyünə diqqət yetirən tərəflər ölkələrimiz arasında münasibətlərin getdikcə sıxlaşdırılması lüzumunu qeyd etdilər.
Səmimi və mehribanlıq şəraitində keçən görüşdə hər iki ölkə üçün maraq doğuran bir sıra digər məsələlər də müzakirə olundu.