RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV DANİMARKA KRALİÇASI II MARQRET İLƏ GÖRÜŞMÜŞDÜR
Kraliça Prezident Heydər Əliyevi səmimi salamlayaraq bildirdi ki, Danimarkanın tarixində çox dövlət və hökumət başçıları bu ölkəyə səfər etmişlər. Amma birinci dəfədir ki, bu qədər dövlət və hökumət başçıları eyni zamanda Danimarkaya gəlmişlər. Bu zirvə görüşünün mühüm tarixi hadisə olduğunu vurğulayan kraliça onun işinə müvəffəqiyyətlər arzuladı. Daha sonra kraliça bildirdi ki, Azərbaycan kiçik ölkə olsa da, zəngin təbii sərvətlərə malik olması barədə məlumatı var.
Prezident Heydər Əliyev onunla görüşmək imkanı yaratdığına görə kraliça II Marqaretə öz təşəkkürünü bildirdi. Azərbaycan dövlətinin başçısı Kopenhagen zirvə görüşünün gözəl təşkil olunmasından razı qaldığını söylədi. O, Azərbaycanın yenicə müstəqillik qazandığı və xalqımızın qədim tarixə, mədəniyyətə və incəsənətə malik olduğu barədə danışdı. Azərbaycan Prezidenti kraliça II Marqreti ölkəmizə dəvət etdi.