RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV ESTONİYA RESPUBLİKASININ PREZİDENTİ LENNART MERİ İLƏ GÖRÜŞMÜŞDÜR
Heydər Əliyev dedi ki, Estoniyanın və bütövlükdə Baltikyanı respublikaların müstəqillik uğrunda apardıqları mübarizəni həmişə diqqətlə izləmişdir və bu xalqların azadlıq əldə etmək səylərinə xüsusi qiymət verir.
Görüşdə yeni müstəqil dövlətlərin qarşılaşdığı problemlər təhlil edilərkən belə bir fikir söylənildi ki, bütün bunlar keçid dövrünün xarakterinə uyğundur. Lakin çətinliklərin qısa vaxtda dəf edilməsi üçün daha çevik tədbirlər həyata keçirilməlidir. Qeyd olundu ki, həm Estoniyanın, həm də bütövlükdə Baltikyanı respublikaların bazar münasibətlərinə keçid yolunda əldə etdikləri nailiyyətlərin Azərbaycanda öyrənilməsi və tətbiqi böyük fayda verərdi. Ona görə də bu sahədə müəyyən işlər görülməsinə ehtiyac duyulur.
Azərbaycan Prezidenti Estoniyanın Qərb ölkələri ilə, NATO ilə əlaqələrinin hazırkı vəziyyətinə və bu sahədə münasibətlərin nizamlanması istiqamətində görülmüş işlərə maraq göstərdi. Estoniya Prezidenti bütün bunlar haqqında Heydər Əliyevə ətraflı məlumat verdi.
Görüşdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən də bəhs edildi və müharibənin sülh yolu ilə başa çatdırılması üçün ATƏT-in Minsk qrupunun fəaliyyətini gücləndirmək barədə fikir mübadiləsi aparıldı.