RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV FİLİPPİN RESPUBLİKASININ PREZİDENTİ FİDEL RAMES İLƏ GÖRÜŞMÜŞDÜR
Görüş çox səmimi dostluq şəraitində keçdi. Heydər Əliyev son dövrlərdə Filippin Respublikasının əldə etdiyi nailiyyətləri diqqətlə izlədiyini və burada görüşüb fikir mübadiləsi etmək imkanı olduğundan çox məmnun qaldığını bildirdi.
Cənab Rames Heydər Əliyevə dərin hörmət bəslədiyini qeyd etdi. O bildirdi ki, Azərbaycan Prezidentinin tərcümeyi-halına yaxşı bələddir, onun keçmiş Sovet İttifaqının rəhbərlərindən biri olduğunu bilir. Azərbaycanın qonşuları olan Türkiyə və İrana səfərdə olduğunu söyləyən cənab Rames Azərbaycana da gəlmək istədiyini gizlətmədi.
Prezident Rames öz ölkəsində baş verən dəyişikliklər, aparılan islahatlar və əldə olunan nailiyyət barədə ətraflı məlumat verdi. Filippin Respublikasının Prezidenti Azərbaycan Prezidentini Filippinə rəsmi səfərə dəvət etdi və vaxt tapıb bu dəvəti həyata keçirməyi ondan xahiş etdi.
Azərbaycan Prezidenti onun barəsində deyilən xoş sözlərə görə Filippin Prezidentinə öz təşəkkürünü bildirdi. O qeyd etdi ki, dost Filippin Respublikasında baş verən hadisələr onu daim maraqlandırmışdır. Heydər Əliyev onu Filippinə dəvət etdiyinə görə Prezident Ramesə minnətdarlıq etdi və mütləq vaxt tapıb bu səfəri həyata keçirəcəyini bildirdi.
Sonra Prezident Heydər Əliyev Azərbaycandakı vəziyyət, Ermənistanın ölkəmizə qarşı təcavüzü, torpaqlarımızın 20 faizdən çoxunun Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi, işğal olunmuş torpaqlardan bir milyondan çox vətəndaşın qaçqın düşdüyü və indi ağır vəziyyətdə çadırlarda yaşadığı barədə Filippin Prezidentinə ətraflı məlumat verdi.
Heydər Əliyev Filippin Respublikasının Prezidenti Fidel Ramesi Azərbaycana səfərə dəvət etdi. Dəvət məmnuniyyətlə qəbul olundu.