RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV İRAN İSLAM RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ ƏLİ ƏKBƏR VİLAYƏTİ İLƏ GÖRÜŞMÜŞDÜR
Səmimilik şəraitində keçən görüşdə nazir öz ölkəsinin rəhbərlərinin salamını Prezident Heydər Əliyevə çatdırdı.
Görüş iştirakçıları ölkələrimiz arasındakı əlaqələrin vəziyyətini müzakirə etdilər, əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi apardılar.
Qeyd olundu ki, iki qonşu və dost ölkənin iqtisadi, ticarət, humanitar sahələrdə münasibətlərinin daha da sıxlaşdırılması üçün əlavə tədbirlər görülməsinə diqqət artırılmalı, müştərək komissiyaların bu sahədəki fəaliyyəti daha da canlandırılmalıdır.
Görüşdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz yurdlarından zorla qovulmuş azərbaycanlı qaçqınlara İran İslam Respublikasının yardımından razılıqla bəhs olundu və bu humanitar köməyin artırılmasının vacibliyi qeyd edildi.
Söhbət zamanı hər iki ölkəni maraqlandıran konkret məsələlərin müzakirəsinə geniş yer ayrıldı, bazar iqtisadiyyatına keçid dövründə Azərbaycanın qarşılaşdığı bir sıra problemlərin həllinə qonşu ölkənin kömək etmək imkanları nəzərdən keçirildi.