RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV QAYANA RESPUBLİKASININ PREZİDENTİ DOKTOR ÇEDDİ ÇAQAN İLƏ GÖRÜŞMÜŞDÜR
Doktor Çaqan Azərbaycan Prezidentini çox yaxşı tanıdığını və bunun üçün ona müraciət etdiyini bildirdi. Qayana Prezidenti son dövrlərdə öz ölkəsində baş verən hadisələr barədə məlumat verdi. O, öz vətənində “beyinlərin axını” prosesinin geniş vüsət almasından narahatlıq keçirdiyini bildirdi. Qayana Prezidenti Azərbaycanın böyük intellektual potensiala malik olmasından xəbərdar olduğunu söylədi və Qayanaya azərbaycanlı mütəxəssislər, alimlər, ziyalılar göndərilməsinə kömək etməyə, onların öz zəngin təcrübələrindən istifadə edərək, yerli mütəxəssislərin hazırlanmasına və təkmilləşdirilməsinə yardım göstərmələrini xahiş etdi.
Prezident Heydər Əliyev görüşdən məmnun qaldığını bildirdi. O, Qayana Prezidentini diqqətlə dinlədiyini söyləyərək dedi ki, onun qaldırdığı məsələləri mütləq nəzərdən keçirəcəkdir.