AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYA FEDERASİYASININ XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 9-da Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Andrey Kozırevlə görüşmüşdür.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə müharibənin hər iki xalqa silinməz yaralar vurduğundan bəhs olundu və qeyd edildi ki, keçmiş ittifaqın tərkibində digər xalqlar kimi, ruslar və azərbaycanlılar da faşizmə qarşı mübarizədə kütləvi qəhrəmanlıq və fədakarlıq göstərmişlər.
Söhbət zamanı Çeçenistan hadisələri dövründə Rusiya ilə Azərbaycan arasında əlaqələrin müəyyən dərəcədə zəifləməsindən bəhs olundu və problemin həlli ilə bağlı lazımı tədbirlər görülməsi barədə fikir mübadiləsi edildi.
Ermənistan-Azərbaycan müharibəsində atəşkəs rejiminin bir ilə yaxın davam etməsini yüksək qiymətləndirən görüş iştirakçıları münaqişənin sülh yolu ilə aradan qaldırılmasında beynəlxalq təşkilatların, xüsusən ATƏT-in və onun Minsk qrupunun imkanlarından hərtərəfli istifadənin mühüm rolunu qeyd etdilər.
Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də konkret mülahizələr söylənildi.
Xəbərin mətnində orfoqrafik səhv var