RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ SÜLEYMAN DƏMİRƏL İLƏ GÖRÜŞMÜŞDÜR
Söhbət zamanı ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətraflı müzakirə olundu. Heydər Əliyev neft müqaviləsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq neft kəmərinin marşrutunun müəyyənləşdirilməsi məsələsində Azərbaycanın mövqeyini açıqlayaraq bir daha dedi ki, bu kəmər Türkiyədən keçəcəkdir.
Görüşdə Azərbaycanın öz payının bir hissəsinin neft şirkətləri konsorsiumuna daxil olan Türkiyəyə verməyə razı olduğu bildirildi və qeyd edildi ki, həmin məsələyə konsorsiumun Londondakı iclasında da baxılmış və razılıq verilmişdir.
Söhbətdə Ermənistanın Azərbaycana qarşı apardığı müharibəyə sülh yolu ilə son qoyulması istiqamətində görülən işlərdən də bəhs olundu. Süleyman Dəmirəl dedi ki, Türkiyə Respublikası bu məsələdə qardaş Azərbaycanın mövqeyini bundan sonra da daim müdafiə edəcəkdir.
Türkiyədən Ermənistana hava xətti açılması barədə Türkiyənin bəzi mətbuat orqanlarında yayılan əsassız xəbərləri təkzib edən Süleyman Dəmirəl dedi ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyincə, qaçqınlar öz torpaqlarına qayıtmayınca, Türkiyə heç vaxt belə bir addım atmaz.
Səmimilik və dostluq şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə olundu.