RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ SÜLEYMAN DƏMİRƏL İLƏ GÖRÜŞMÜŞDÜR
Dost və qardaş ölkələrin başçıları hər dəfə olduğu kimi, bu görüşdən də çox məmnun qaldıqlarını bildirdilər.
Prezidentlər həm Türkiyədə, həm də Azərbaycanda hazırki vəziyyətin təhlilinə geniş yer ayırdılar. Süleyman Dəmirəl Türkiyədə parlamentə qarşıdakı seçkilərlə əlaqədar vəziyyət barədə dövlətimizin başçısına ətraflı söhbət açdı.
Azərbaycan Prezidenti isə ölkəmizdə demokratik parlament seçkilərinə hazırlığın gedişindən bəhs etdi və dedi ki, biz bu seçkilərdə müşahidəçi kimi iştirak emək üçün öz nümayəndələrini göndərmək barədə bütün beynəlxalq təşkilatlara, dünya dövlətlərinə müraciət etmişik. Müşahidəçilərin böyük bir dəstəsi respublikamıza gəlmiş və fəaliyyətə başlamışdır. Heydər Əliyev Azərbaycanın ilk demokratik konstitusiyasının layihəsi üzərində aparılan işlərdən də söhbət açaraq dedi ki, noyabrın 12-də həmin layihə ümumxalq səsverməsinə təqdim ediləcəkdir.
Görüş iştirakçıları Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması yolları barədə də geniş fikir mübadiləsi apardılar. Onlar məsələnin dinc vasitələrlə həll olunması istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların böyük əhəmiyyətini qeyd edərək, bu istiqamətdə işin fəallaşdırılmasının vacibliyini xüsusi vurğuladılar.
Görüşdə Azərbaycandan ilkin neft kəmərlərinin Novorossiysk və Gürcüstandan keçməsi barədə beynəlxalq konsorsiumun rəhbər komitəsinin bu il oktyabrın 9-da qəbul etdiyi qərar haqqında da ətraflı söhbət oldu.
Prezidentlər hər iki ölkəni maraqlandıran bir sıra konkret məsələlərin müzakirəsinə xüsusi diqqət yetirdilər.