SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI CƏNAB HEYDƏR ƏLİYEVƏ
Cənab Ali Baş Komandan!
Müdrik rəhbərliyiniz sayəsində müstəqilliyə qovuşmuş, azadlıq və suverenliyinin dönməzliyini hamıya nümayiş etdirmiş Azərbaycan Respublikası bu gün dünya dövlətləri sırasında özünə layiqli yer tutmuşdur və milli dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanmışdır.
Ölkəmizin XX əsrdəki uğurları kimi, müstəqillik dövründəki bütün qələbələrimiz də Sizin dühanız nəticəsində mümkün olmuşdur.
Azərbaycanın bütün Silahlı Qüvvələri kimi, Dövlət Sərhəd Xidmətinin də banisi və ilhamçısı Sizsiniz, möhtərəm cənab Prezident!
Müstəqil respublikamızda dövlət sərhədlərinin mühafizəsinin təşkili, təşəkkülü və formalaşması məhz Sizin adınızla bağlıdır!
2001-ci ilin avqust ayının 18-də Sərhəd Qoşunlarının 82-ci ildönümü münasibətilə keçirilmiş iclasda iştirakınız, 2002-ci il martın 6-da və cari il fevralın 6-da bizimlə görüşləriniz Dövlət Sərhəd Xidmətinin salnaməsinə çox mühüm hadisələr kimi yazılmış, Dövlət Sərhəd Xidmətinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən dəyərli tövsiyələriniz fəaliyyət proqramımıza çevrilmişdir.
Hazırda, Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Prezidentinə, dövlətçiliyinə sadiq, intizamlı, yüksək döyüş hazırlıqlı, müasir texnika ilə təchiz olunmuş, peşəkar zabit korpusuna malik dövlət orqanıdır.
Bu gün hər bir sərhədçi qürur hissi keçirir ki, müstəqil Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində qulluq edir. Daimi diqqət və qayğınız, ölkə hüdudlarının təhlükəsizliyinin təmin edilməsi məsələlərinə xüsusi önəm verməyiniz bizi daha yaxşı xidmət etməyə, Vətən, xalq və dövlət qarşısında əsgəri borcumuzu daha əzmlə yerinə yetirməyə ruhlandırır.
Möhtərəm cənab Prezident!
Cari ilin oktyabr ayında keçiriləcək növbəti prezident seçkilərində Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti yekdilliklə Sizə səs verəcəkdir.
Cənab Ali Baş Komandan!
Sizi əmin edirik ki, bundan sonra da müqəddəs hərbi andımıza sadiq qalacaq, daha böyük uğur və nailiyyətlərlə etimadınızı doğruldacağıq!
Sizə - bütün həyatını xalqımızın xoşbəxt və firavan gələcəyinə həsr etmiş dahi şəxsiyyətə möhkəm cansağlığı, uzun ömür və müstəqil Azərbaycan Respublikasının tərəqqisi və çiçəklənməsi naminə fədakar fəaliyyətinizdə uğurlar arzulayırıq!
Azərbaycan Respublikasının
Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti
adından Dövlət Sərhəd Xidmətinin rəisi,
general-leytenant E.Quliyev