RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRƏ GƏLMİŞDİR
İstanbul, 9 iyun. Bu gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə qısamüddətli işgüzar səfərə gəlmişdir.
İstanbulun Atatürk adına hava limanında Azərbaycan dövləti başçısını Türkiyə Prezidenti Süleyman Dəmirəl və digər rəsmi şəxslər qarşılamışlar. Azərbaycan Prezidentinin gəlişi ilə əlaqədar təyyarə meydanında fəxri qarovul düzülmüşdü. Fəxri qarovulun rəisi Heydər Əliyevə raport vermişdir.
Süleyman Dəmirəl və Heydər Əliyev təyyarə meydanında jurnalistlər qarşısında bəyanat vermişlər.
Türkiyə Prezidentinin İstanbuldakı köşkündə Türkiyə-Azərbaycan danışıqları başlanmışdır. Süleyman Dəmirəl ilə Heydər Əliyev arasında təkbətək görüş olmuşdur.
Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfəri davam edir.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul