Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA SAHİBKARLAR ŞURASI HAQQINDA ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurası (bundan sonra – Şura) Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 27 avqust tarixli 778 nömrəli Fərmanı ilə yaradılmışdır.

1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şuranın tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

1.4. Şuranın üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

1.5. Şuranın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Şuranın müzakirəsinə çıxarılacaq məsələlər üzrə zəruri sənədlərin hazırlanması, aidiyyatı üzrə təqdim edilməsi və kargüzarlıq işlərinin aparılması Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində fəaliyyət göstərən Şuranın Katibliyi tərəfindən həyata keçirilir.

2. Şuranın məqsədi, əsas vəzifələri və funksiyaları

2.1. Şuranın məqsədi Azərbaycan Respublikasında işgüzar mühitin yaxşılaşmasına və sahibkarlığın inkişafına kömək etmək, bu sahədə yaranan problemlərin həlli üçün müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməkdir.

2.2. Şuranın əsas vəzifələri aşağıdakılardır:

2.2.1. sahibkarlığa dövlət köməyinin istiqamətlərini hazırlamaq və onların həyata keçirilməsi mexanizmləri üzrə təkliflər vermək.

2.2.2. ölkənin ayrı-ayrı regionlarında sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi tədbirlərini müəyyənləşdirmək və bununla bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

2.2.3. sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

2.3. Şura ona həvalə edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

2.3.1. sahibkarlığın inkişafı sahəsində məsələləri müzakirə edir və Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək üçün müvafiq təkliflər hazırlayır;

2.3.2. sahibkarlıq fəaliyyətini tənzimləyən normativ hüquqi aktları vaxtaşırı təhlil edir və bununla bağlı müvafiq arayışlar hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

2.3.3. sahibkarlığa dövlət qayğısının artırılması, o cümlədən maliyyə təminatı ilə bağlı təkliflər hazırlayır;

2.3.4. sahibkarlığın inkişafına mane olan problemlərin operativ həlli ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

2.3.5. sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə halları olduqda onları müzakirə edir və aradan qaldırılması barədə təkliflər verir;

2.3.6. sahibkarlıqda müasir informasiya texnologiyalarının tətbiqinin genişlənməsinə kömək edir;

2.3.7. sahibkarların beynəlxalq işgüzar əlaqələrinin genişləndirilməsinə kömək edir;

2.3.8. sahibkarlıq subyektləri arasında kooperasiya əlaqələrinin inkişafının stimullaşdırılmasına dair təkliflər hazırlayır;

2.3.9. sahibkarlıq subyektləri üçün kadr hazırlığı sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır;

2.3.10. qanunvericiliyə uyğun digər funksiyaları həyata keçirir.

3. Şuranın fəaliyyətinin təşkili

3.1. Şuranın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən sədr rəhbərlik edir.

3.2. Şuranın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir. Zəruri hallarda növbədənkənar iclaslar da keçirilə bilər.

3.3. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar adi səs çoxluğu ilə qəbul edilir.

3.4. Şuranın sədri Şuranın iclaslarının gündəliyini müəyyən edir və keçirilən iclaslarda sədrlik edir.

3.5. Şuranın birinci iclasında Şura üzvlərindən Şura sədrinin iki müavini (1 yerli və 1 xarici üzvlərdən) seçilir. Şura sədrinin müavinləri Şura sədri tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirirlər.

3.6. Zəruri hallarda Şuranın iclaslarına aidiyyəti dövlət orqanlarının rəhbərləri dəvət oluna bilər.

3.7. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir.

3.8. Şura dövlət idarəetmə orqanlarından, müəssisə və təşkilatlardan Şuranın səlahiyyətinə aid olan məsələlərlə bağlı zəruri sənədləri və məlumatları tələb etmək hüququna malikdir.

3.9. Şuranın Katibliyi aşağıdakı funksiyaları yerinə yetirir:

3.9.1. Şuranın iclaslarının gündəliyi, tarixi və keçiriləcəyi yer haqqında məlumatları Şura üzvlərinə çatdırır;

3.9.2. zəruri hallarda aidiyyatı dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Şuranın iclaslarına dəvət edir;

3.9.3. Şuranın iclaslarında baxılacaq müvafiq sənədlərin hazırlanması məqsədi ilə sahibkarları, onların ictimai təşkilatlarını, aidiyyatı dövlət orqanlarını, mütəxəssisləri cəlb etməklə sahələr üzrə işçi qrupları yaradır;

3.9.4. Şuranın müzakirəsinə çıxarılacaq məsələlər üzrə zəruri sənədlərin layihələrini hazırlayır və Şura üzvlərinə çatdırır;

3.9.5. Şura iclaslarında müzakirə olunan məsələlərə dair Şura üzvlərindən daxil olan rəyləri toplayır və təhlil edib ümumiləşdirir;

3.9.6. Şura üzvlərindən daxil olan məlumatlar haqqında arayışı Şura sədrinə təqdim edir;

3.9.7. Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şura sədrinə təqdim edir;

3.9.8. Şuranın iclaslarında qəbul olunmuş qərarlar haqqında Şura üzvlərini məlumatlandırır;

3.9.9. Şuranın fəaliyyəti ilə əlaqədar digər funksiyaları həyata keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin