SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA TƏHLÜKƏSİZLİK ŞURASI İLƏ RUSİYA FEDERASİYASININ TƏHLÜKƏSİZLİK ŞURASI ARASINDA 2003-2004-CÜ İLLƏR ÜÇÜN ƏMƏKDAŞLIQ PLANI İMZALANMIŞDIR
Fevralın 20-də Azərbaycan Prezidentinin İcra Aparatında Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası ilə Rusiya Federasiyasının Təhlükəsizlik Şurası arasında 2003-2004-cü illər üçün əməkdaşlıq planı imzalanmışdır. “Rusiya Federasiyasının Təhlükəsizlik Şurası ilə Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurası arasında əməkdaşlıq haqqında” 14 fevral 2000-ci il tarixli protokola uyğun olaraq, sənədi Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo imzalamışlar.
İmzalanma mərasimindən sonra Ramiz Mehdiyev və Vladimir Ruşaylo jurnalistlərin suallarına cavab verdilər. Vladimir Ruşaylo İraqla bağlı məsələdə Azərbaycan ilə Rusiyanın mövqelərində fikir ayrılığının olub-olmadığı barədə suala cavabında dedi ki, heç bir fikir ayrılığı yoxdur. İraq BMT Təhlükəsizlik Şurasının bütün tələblərini yerinə yetirməlidir və bu, şübhəsizdir. İraqda vəziyyət siyasi-diplomatik üsullarla həll edilməlidir. ABŞ-ın hərəkətləri müəyyən dərəcədə profilaktik mahiyyət daşıyır və İraq hakimiyyətini beynəlxalq müfəttişlərlə daha fəal əməkdaşlığa təhrik edir.
Ramiz Mehdiyev hərbi əməliyyatlar başlayarsa, Gürcüstan kimi, Azərbaycanın da ABŞ təyyarələrinin onun ərazisindən istifadə etməsinə imkan yaradacağının mümkünlüyü barədə suala cavab verərək dedi ki, Gürcüstan müstəqil dövlətdir və kimə nə imkan yaradacağını özü müəyyən edir. Amerikalılar bizə müraciət etməmişlər, odur ki, bu suala cavab vermək lüzumsuzdur.