Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, YENİ AZƏRBAYCAN PARTİYASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Xəbər verdiyimiz kimi, oktyabrın 2-də ARDNŞ-in əmək kollektivləri nümayəndələrinin və Yeni Azərbaycan Partiyası fəallarının toplantısı olmuşdur. Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevə müraciət qəbul edilmişdir. Həmin müraciətin mətnini oxuculara təqdim edirik.

Möhtərəm Prezident!

Bu gün həyat belə bir həqiqəti hamının gözləri önündə bütün parlaqlığı ilə əks etdirir ki, Sizin müdrikliyiniz, qətiyyətiniz və gərgin əməyiniz sayəsində XX1 əsr Azərbaycan üçün coşğun inkişaf və böyük quruculuq əsrinə çevrilməkdədir. Əsrin ilk iki ilində ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında elə əlamətdar hadisələr baş vermişdir ki, onlar müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq və həmişə qanuni iftixar hissi doğuracaqdır. Biz ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə bu il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsinin yekunlarını və sentyabrın 18-də Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimi nəzərdə tuturuq. Bu hadisələrin birincisi Azərbaycan dövlətçiliyinin milli və ümumbəşəri əsaslarının, onun hüquqi dayaqlarının möhkəmləndirilməsinə, ikincisi isə ölkəmizin iqtisadi dayaqlarının güclənməsinə xidmət edir və bütövlükdə bizim doğma Vətənimiz qarşısında son dərəcə geniş perspektivlər açır. Ötən əsrin 70-ci illərindən başlayaraq, respublikamızın həyatının ən müxtəlif sahələrində baş vermiş parlaq hadisələr kimi, bu referendum və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişinin reallaşdırılması bilavasitə Sizin adınızla, Azərbaycan xalqının xoşbəxt gələcəyinə Sizin dərin inamınızla bağlıdır. Bu gün biz qanuni iftixar hissi ilə bildiririk ki, ölkə əhalisinin 83 faizinin iştirak etdiyi referendumda Azərbaycan neftçiləri öz fəallıqları ilə seçilmiş, Konstitusiyada dəyişikliklər edilməsinə birincilər sırasında səs vermiş, bununla da ölkəmizin Prezidentinin, xalqımızın sınanmış rəhbərinin mövqeyində dayandıqlarını bir daha nümayiş etdirmişlər. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulmasının isə Azərbaycan neftçiləri üçün nə demək olduğunu sözlə ifadə etmək heç də asan deyildir. Axı, Azərbaycan neftçilərinin artıq əbədiyyətə qovuşmuş nəsilləri belə bir boru kəmərini heç xəyallarına da gətirə bilməzdilər.

Möhtərəm Prezident!

Sizin rəhbərliyinizlə işlənib hazırlanmış və indi uğurla həyata keçirilən neft strategiyası neftçilərin özlərinin də sosial problemlərinin həllinə layiqincə xidmət edir, onların əmək şəraitini durmadan yaxşılaşdırır. Neftçi öz əməyinin bəhrəsini həm də öz güzəranında, öz məişətində görür. Bu isə, cənab Prezident, Sizin atalıq qayğınızın, neftçilərə diqqət və hörmətinizin nəticəsində mümkün olmuşdur. Bildiririk ki, Dövlət Neft Şirkəti bu günlərdə əməyin ödənilməsinin daha sərfəli üsuluna keçmişdir və bu, on minlərlə neftçinin ailə büdcəsinə hissediləcək dərəcədə təsir göstərəcəkdir.

Lakin, bu da sirr deyil ki, Azərbaycanın müstəqillik yolu ilə inamla irəliləməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi azadlığımızın düşmənlərini, ölkəmizə qənim kəsilənləri ciddi narahat edir, onları təşvişə salır.

Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan və onun havadarları, sözsüz ki, bizim uğurlarımızla heç zaman barışmayacaqlar. Bu gün onlar Azərbaycanın bütün dünyada təklənməsi, onun inkişafı qarşısında sədlər çəkilməsi üçün çox geniş pozuculuq işləri ilə məşğuldurlar. Bu da sirr deyil ki, onların təxribatı, iftiraları, pozuçuluq planları ilk növbədə xalqımızın dahi oğlu, Azərbaycanın xilaskarı və əvəzsiz sükançısı Heydər Əliyevə qarşı yönəldilmişdir. Çünki onlar Heydər Əliyev şəxsiyyətinin Azərbaycan üçün nə demək olduğunu yaxşı bilirlər.

Lakin bütün xalqımız kimi, neftçilərin də dərin nifrətinə səbəb olan təkcə xarici düşmənlərimizin deyil, həm də onların ölkəmizdəki əlaltılarının yaramaz əməlləridir. Demokratiya pərdəsi altında açıq-aşkar təxribatla məşğul olan və Azərbaycan xalqı adından danışmağa cəhd edən şəxslər böhtan və şantaj yolunu tutaraq, ağa qara deməkdən usanmır, öz çirkin əməllərindən əl çəkmirlər. Milli xəyanət yoluna çoxdan qədəm qoymuş simasızlar indi də referendumun nəticələrini və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərini hədəf seçmişlər. Təsadüfi deyil ki, özlərini “müxalifət liderləri” adlandıran nadanların növbəti milli xəyanəti də məhz Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması ərəfəsində üzə çıxdı.

Onların BMT-nin İnsan Hüquqları Komitəsinə, ATƏT-ə, Avropa Şurasının Parlament Assambleyasına ünvanladıqları məktubda respublikamızın mövcud ictimai-siyasi və sosial-iqtisadi həyatı utanmazcasına təhrif olunmuşdur. Nəinki ölkəmizin, eləcə də regionun inkişafı və təhlükəsizliyi məqsədi ilə son dərəcə mühüm addımların atıldığı bir vaxtda bu cür mövqe nümayiş etdirmək düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildir.

Bu siyasət dəllallarından fərqli olaraq, Sizin rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyası öz çoxcəhətli fəaliyyətinin əsas mənasını xalqa və dövlətçiliyimizə xidmətdə görür.

Biz fəxr edirik ki, Sizinlə birlikdə YAP-ın sıralarında və ön mövqelərdəyik. Azərbaycanın taleyi, gələcəyi bu partiyanın adı, onun İlham Əliyev kimi gənc rəhbərlərinin biliyi, bacarığı, zəka potensialı ilə bağlıdır.

Möhtərəm Prezident!

Biz – vətənini və xalqını xoşbəxt görmək istəyən çoxminli neftçilər ordusu pozucu və dağıdıcı müxalifətin hərəkətlərini kəskin pisləyir və onların əməllərinə qanun çərçivəsində qiymət verilməsini istəyirik.

Sizi əmin edirik ki, böyük müdrikliklə müəyyənləşdirdiyiniz yeni neft strategiyasının uğurla həyata keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcək, bədxahların tutarlı cavabını əməli işimizlə verəcək, xalqımızın rifahı və müstəqil respublikamızın tərəqqisi naminə bundan sonra da var qüvvə ilə çalışacağıq. Cənab Prezident, biz daim Sizinləyik və həmişə Sizinlə olacağıq.

Toplantı iştirakçıları adından,

Natiq Əliyev

Azərbaycan Respublikası

Dövlət Neft Şirkətinin Prezidenti

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin