RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ
Əziz və möhtərəm cənab Prezident!
Sizi – xalqımızın ümummili liderini, zəmanəmizin görkəmli siyasi və dövlət xadimini, milli dövlətçiliyimizin memarını və qurucusunu Azərbaycan Respublikasının Dövlət müstəqilliyi günü münasibətilə Milli Məclisin deputatları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın xoşbəxt gələcəyi naminə möhtəşəm fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm!
Möhtərəm cənab Prezident!
Siz doğma Vətəninə fədakarcasına xidmət nümunəsi olan şərəfli ömrünüzün yarım əsrdən çox hissəsini Azərbaycan dövlətinin möhkəmləndirilməsinə və müstəqil inkişaf yoluna çıxarılmasına həsr edərək, xalqımızın tükənməz məhəbbətini və ehtiramını qazanmısınız. Respublikamıza ilk dəfə rəhbərlik etdiyiniz 1969-1982-ci illərdə dahiyanə idarəçilik qabiliyyətiniz və gərgin zəhmətiniz sayəsində cəmiyyət və dövlət həyatının bütün sahələrində misli görünməmiş canlanma baş verdi, qısa müddət ərzində ölkəmiz əsrə bərabər inkişaf yolu keçdi. Bu illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil oldu. Uzaqgörənliklə həyata keçirdiyiniz tədbirlər sayəsində Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün möhkəm zəmin yaradıldı.
1991-ci ildə qazandığımız istiqlaliyyəti il yarım sonra itirmək təhlükəsi ilə qarşılaşanda Sizin ölkə rəhbərliyinə qayıdışınız uçurumun bir addımlığında dayanan Azərbaycan Respublikasını məhv olmaq fəlakətindən xilas etdi. 1993-cü il iyunun 15-də milli qurtuluşumuzla eyni vaxtda dövlətimizin həqiqi müstəqillik tarixi də başlandı.
Dövlətçiliyimizin məhvinə səbəb ola biləcək problemlər Sizin zəngin təcrübəniz, siyasi məharətiniz, möhkəm qətiyyətiniz və əzmkarlığınız sayəsində uğurla həll edildi. Ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış siyasi, dövlət və hakimiyyət böhranına son qoyuldu, vətəndaş müharibəsinin qarşısı alındı.
Dövlət çevrilişi çəhdləri, terror aktları dəf edildi. Cəbhə xəttində atəşkəs elan olundu, Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması yolunda məqsədyönlü siyasət aparıldı, milli ordu quruculuğunda mühüm işlər görüldü. Həyatın bütün sahələrini bürümüş tənəzzülə son qoyuldu, respublikamız ardıcıl inkişaf yoluna çıxarıldi.
Ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Xəzərin Azərbaycan sektorundakı enerji ehtiyatlarının işlənilməsi üçün dünyanın iri neft şirkətləri ilə sazişlər imzalandı, yeni neft strategiyası öz bəhrələrini verməyə başladı.
Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların üzvü oldu. Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi İlham Əliyevin rəhbərliyi ilə respublikamızın nümayəndələrinin haqq səsi Avropa Şurasının yüksək tribunasından eşidildi.
Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi sahəsində böyük uğurlar əldə olundu, geniş miqyaslı islahatlar həyata keçirildi.
Müstəqil dövlətimizin yeni konstitusiyası qəbul edildi, demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri, Konstitusiyanın daha da təkmilləşdirilməsinə yönəldilən ümumxalq səsverməsi (referendum) keçirildi. Qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının qorunması ilə məşğul olan təsisatlar yaradıldı.
Azərbaycan Respublikası Qafqaz kimi geosiyasi əhəmiyyətli bir bölgədə sabitləşdirici rol oynayan, demokratik inkişaf yolu ilə qətiyyətlə irəliləyən bir dövlət kimi çox böyük etibar və nüfuz qazandı. Hazırda Azərbaycan Avropa ilə Asiyanı daha sıx bağlayacaq Qədim İpək Yolu layihəsinin əsas iştirakçılarından biridir. Bu yaxınlarda təməli qoyulmuş Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, habelə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi Azərbaycanı bölgənin lider dövlətinə çevirəcəkdir. Bütün xalqımız əmindir ki, bu gün həyata keçirdiyiniz möhtəşəm işləri Sizə xas olan qeyri-adi zəka və iradi keyfiyyətlər, nadir dövlətçilik təcrübəsi və siyasi məharət, qətiyyət və əzmkarlıq sayəsində uğurla başa çatdıracaq, dövlətimizin bütün problemlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına nail olacaqsınız.
Əziz Prezident!
Sizi Azərbaycan Respublikasının Dövlət müstəqilliyi günü münasibətilə Milli Məclisin deputatları adından və şəxsən öz adımdan bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, Vətənimizin və xalqımızın işıqlı gələcəyi naminə yorulmaq bilməyən nəhəng fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram! Sizin yaratdığınız sarsılmaz təməl üzərində inkişaf edən müstəqil Azərbaycan dövlətinin əbədiyyətə qədər davam etməsini diləyirəm!
Dərin ehtiram hissi ilə,
Azərbaycan Respublikasının Milli Məclisi
adından Milli Məclisin sədri
Murtuz Ələsgərov
Bakı şəhəri, 18 oktyabr 2002-ci il