Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ

Möhtərəm Heydər Əlirza oğlu! 

Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışınızdan sonra milli dövlətçiliyimizin bərqərar olması və ölkəmizin dünya birliyinə inteqrasiyası istiqamətindəki fəaliyyətinizin əzəməti danılmazdır.

Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsindəki fəaliyyətiniz də təkcə ölkəmizdə deyil, dünya miqyasında da nəzər-diqqəti cəlb edir.

Azərbaycanın dövlətçilik ənənələrinə hörmətiniz və sədaqətli xidmətiniz də ictimaiyyətin rəğbətini qazanır.

Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsinin yad edilməsi istiqamətində gördüyünüz işlər, onların layiqli xələfi olduğunuza bir daha sübutdur.

Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 80 və 85 illik yubileylərinin böyük təntənə ilə keçirilməsi üçün verdiyiniz sərəncamlardan irəli gələn müddəalar ölkəmizin mütərəqqi bir dövlət kimi inkişaf edəcəyinə təminat verir.

Azərbaycan Xalq Cümhuriyyətini Yaradanların Varisləri Təşkilatının idarə heyəti adından Sizə öz minnətdarlığımızı bildirir, cansağlığı və könül xoşluğu arzulayır, Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində dönməz fəaliyyətinizdə uğurlar diləyirik.

Qoy bu yolda Ulu Tanrı Sizə yar olsun!

Hörmət və ehtiramla,

Azərbaycan Xalq Cümhuriyyətini Yaradanların Varisləri Təşkilatının İdarə heyəti adından

A.Cəfərov

sədr

S.Salahzadə

katib

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin