AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
AzerTAg.az
Möhtərəm cənab Prezident!
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestri işçilərinin vəzifə maaşlarının artırılması barədə imzaladığınız Sərəncamla əlaqədar teatrımızın rəhbərliyi və orkestrin kollektivi adından Sizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
Növbəti teatr mövsümünü çox böyük uğurla başa vuraraq, bu günlərdə yay istirahətinə yollanan yaradıcı kollektivimiz bu xoş xəbəri böyük sevinc hissi ilə qarşıladı.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarına daxil olan milli və dünya klassik opera və balet sənətinin ən nadir və gözəl nümunələrini çox böyük ustalıqla ifa edən, professional musiqiçilərdən ibarət bu kollektivin çətin və şərəfli əməyinə diqqət və qayğınızı yüksək qiymətləndiririk. Bu qayğı bütün şüurlu həyatını, istedad və bacarığını musiqili teatr sənətinin inkişafına həsr edən bizləri yeni mövsümdə daha böyük ruh yüksəkliyi ilə çalışmağa sövq edəcəkdir.
Cənab Prezident! Bir daha Sizə - mədəniyyət və incəsənət xadimlərinin yaxın dostu və qayğıkeşi olan dövlət başçımıza minnətdarlığımızı bildirir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyir və əmin edirik ki, milli mədəniyyətimizin inkişafı naminə bundan sonra da var qüvvəmizi əsirgəmədən çalışacağıq.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin kollektivi adından,
Dərin hörmət və ehtiramla,
Akif Məlikov
teatrın direktoru, əməkdar incəsənət
xadimi,
Cavanşir Cəfərov
teatrın baş dirijoru, əməkdar incəsənət
xadimi,
orkestrin musiqiçiləri, əməkdar artistlərRasim Abdullayev, Rəhim Babayev, Akif Bakıxanov, Şəhla İbrahimova,
Səməd Şükürov, Nicat Hüseynov, Vitali Astaxin
Xəbərin mətnində orfoqrafik səhv var