Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 10 illik yubileyi münasibətilə ÇXR hökuməti və bütün Çin xalqı adından, habelə şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan Respublikasının hökumətinə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı göndərirəm. 

Çinlə Azərbaycanı qədim “Böyük İpək yolu” dövründən bəri dostluq münasibətləri bağlayır. Çinlə Azərbaycan arasında 10 il əvvəl yaradılmış diplomatik münasibətlər ölkələrimizin əlaqələri tarixində yeni səhifə açmışdır. Hər iki ölkənin birgə səyləri sayəsində Çin-Azərbaycan münasibətləri sürətlə inkişaf edir. Hər iki tərəf öz ölkələrinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, habelə iqtisadiyyatlarının inkişaf etdirilməsi naminə səylərdə bir-birini başa düşür və dəstəkləyir. Çin və Azərbaycan siyasət, ticarət-iqtisadi, mədəniyyət, təhsil sahələrində və digər sahələrdə əlaqələri və əməkdaşlığı daim genişləndirir, dərinləşdirir və böyük uğurlara nail olmuşlar. Hər iki ölkə bir sıra mühüm beynəlxalq və regional məsələlərdə ümumi və ya yaxın mövqelər tutur, bir-birini dəstəkləyir və sıx əlaqə saxlayır. Təcrübə göstərir ki, Çin ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın saxlanması və inkişaf etdirilməsi ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə uyğundur.

Çin və Azərbaycan dost ölkələrdir və onların münasibətlərinin inkişaf etdirilməsi əməkdaşlıq üçün geniş perspektivə və olduqca böyük potensiala malikdir. Çin dinc yanaşı yaşamağın beş prinsipi əsasında Azərbaycanla birgə səylərlə qarşılıqlı etimadı daim möhkəmlətməyi və Çin-Azərbaycan münasibətlərini iki ölkə xalqlarının rifahı naminə yeni səviyyəyə qaldırmaq üçün əməkdaşlığın təzə sahələrini və yollarını fəal surətdə axtarmağı arzu edir.

Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Arzu edirəm ki, Çin və Azərbaycan dostluğu ağacı bol çiçək açsın və əbədi yaşıl olsun.

Tszyan TSZEMİN

Çin Xalq Respublikasının Sədri

Pekin şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin