Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əliyeviç,

Ölkələrimizin tarixində yubiley günü – Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr yaradılmasının 10 illiyi münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Ötən dövr ərzində Rusiya-Azərbaycan əlaqələri çoxsəpkili və dinamik xarakter almışdır. Rusiya və Azərbaycan xalqları arasındakı ənənəvi dostluğun möhkəmlənməsi, qarşılıqlı surətdə faydalı dövlətlərarası əməkdaşlığın dərinləşməsi, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkşaf etməsi ikitərəfli qarşılıqlı fəaliyyətimizin əsasına çevrilmişdir.

Bununla əlaqədar yüksək səviyyədə fəal siyasi dialoqa prinsipial əhəmiyyət verirəm. Bu ilin yanvarında Moskvada Sizin dövlət səfəriniz zamanı keçirdiyimiz görüşlərimizi səmimiyyətlə xatırlayıram. Əldə edilmiş razılaşmalar nəticəsində ikitərəfli münasibətlərin müqavilə-hüquq bazası genişlənmiş, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa əlavə təkan verilmişdir. Cari ilin iyununda Sizin Sankt-Peterburqa səfəriniz bu istiqamətdə yeni mühüm addım olacaqdır.

Əminəm ki, beynəlxalq terrorizmə və digər qlobal hədələrə qarşı birgə mübarizə məsələlərində səylərin əlaqələndirilməsi, Rusiya və Azərbaycanın münaqişələrin, o cümlədən regional münaqişələrin ədalətlə və dincliklə həllinə yönəldilmiş xəttə daim sadiq qalması Cənubi Qafqazda sülhün və sabitliyin saxlanması və möhkəmlənməsinin ən mühüm amillərindən biridir.

Hörmətli Heydər Əliyeviç, Sizə cansağlığı və məsul fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına səadət və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

Moskva, Kreml

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin