Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident!

Sizin elmə və alimlərə böyük qayğınızı daim hiss etmişik. Akademiyanın 57 illik tarixində onun ən məhsuldar dövrü məhz Sizin respublikamıza rəhbərlik etdiyiniz illərə təsadüf edir. AMEA-nın əməkdaşlarının rifahının yüksəldilməsinə göstərdiyiniz yeni qayğı da buna əyani sübutdur.

Sizin yüksək siyasi və dövlət fəaliyyətinizin nəticəsidir ki, respublikamız bütün sahələrdə yeni uğurlara nail olur, tərəqqi yolu ilə dönmədən irəliləyir. Biz fəxr edirik ki, xalqımızın sosial rifahının yüksəldilməsi barədə bir neçə il öncə dediyiniz sözlər indi öz bəhrəsini verir. Bu, şübhəsiz ki, Sizin uzaqgörən və ardıcıl daxili və xarici siyasətiniz nəticəsində respublika iqtisadiyyatında əldə edilən yüksəlişin ən aydın göstəricisidir.

AMEA-nın işçilərinin əmək haqqlarının artırılması haqqında bu il iyul ayının 1-də verdiyiniz Sərəncam təkcə Akademiyada deyil, ölkəmizin bütün yaradıcı ziyalıları arasında böyük razılıq və minnətdarlıq duyğusu ilə qəbul edilmişdir. AMEA-nın işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş aylıq vəzifə maaşlarının orta hesabla iki dəfə artırılması çoxminlik Akademiya əməkdaşları tərəfindən qədirbilənliklə qarşılanmışdır.

Möhtərəm cənab Prezident!

AMEA üzvlərinin aylıq rütbə maaşlarını üç dəfə artırmaq, elmi bölmələrin akademik-katiblərinin və Rəyasət Heyəti üzvlərinin vəzifə maaşlarının bir milyon iki yüz min manat müəyyən etməklə Siz Azərbaycanın görkəmli və təcrübəli, qocaman elm xadimlərinə həqiqətən də böyük qayğı göstərdiyinizi bir daha sübut etdiniz.

Alimlərimiz ölkə elminin tarixində bu vaxta qədər misli görünməmiş bu qayğı üçün ürəkdən fərəhlənirlər. AMEA Rəyasət Heyətinin bu gün keçirilən geniş yığıncağının iştirakçıları onlara göstərilən yüksək dövlət qayğısına görə Sizə dərindən minnətdardılar. Alimlərimiz həmişə olduğu kimi, bu gün də Sizin çox böyük müdrikliklə apardığınız daxili və xarici siyasəti ürəkdən dəstəkləyirlər.

Hörmətli cənab Prezident!

Dünən mübarək imzanızla həyat verdiyiniz tarixi sənədi AMEA-nın əməkdaşları indiyədək fundamental və tətbiqi elmlər sahəsində əldə etdikləri uğurların layiqincə və yüksək səxavətlə qiymətləndirilməsi kimi qəbul edirlər. Eyni zamanda, elm adamlarımız böyük iftixar duyğusu ilə Sizə bildirirlər ki, onların rifah halını əsaslı surətdə yaxşılaşdıran bu qərar həm də alimləri yeni tədqiqat işlərinə səsləyir, onları təzə elmi tapıntılara və kəşflərə çağırır.

Biz, AMEA Rəyasət Heyətinin geniş yığıncağının iştirakçıları, Sizi əmin edirik ki, müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm elmi vəzifələrin uğurla həyata keçirilməsi üçün bütün istedadımızı səfərbərliyə alacaq, öz yeni elmi nəticələrimizlə Sizin yüksək etimadınızı dönə-dönə doğruldacağıq.

Möhtərəm Prezident, Sizə - xalqımızın xilaskarına möhkəm cansağlığı, uzun ömür, böyük səadət arzulayırıq!

AMEA Rəyasət Heyətinin geniş yığıncağının

İştirakçıları adından

akademik Mahmud Kərimov

2 iyul 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin