Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident!

Anadan olmağımın 75 illiyi və Azərbaycan heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərimə görə “Şöhrət” ordeni ilə təltif olunmağım münasibətilə mənə göndərdiyiniz təbrik üçün hədsiz dərəcədə minnətdaram. Sizin məktubunuzu oxuyarkən heyrət etməyə bilmirdim ki, nəhəng işlərlə məşğul olduğunuz bir vaxtda Siz milli mədəniyyətimizin, o cümlədən heykəltaraşlığımızın vəziyyətinə və inkişafına bu qədər diqqət yetirirsiniz.

Siz yaradıcı işçilərə yeni-yeni bədii əsərlər hasilə gətirmək üçün hər cür əlverişli şərait yaradırsınız. Bu yaxınlarda böyük bir qrup yazıçı, musiqiçi, rəssam və artist üçün mükafat təsis etməyiniz buna parlaq misaldır.

Bizim hər birimiz Sizin qayğınızı dəfələrlə öz üzərimizdə hiss etmişik. Mən abidələr üzərində işləyərkən emalatxanama təşrif gətirib mənə verdiyiniz qiymətli məsləhət və tövsiyələrinizi hərarət və xoş ovqatla xatırlayıram.

Bu yaxınlarda Sizin fərmanınızla Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının,- xüsusi ali təhsil müəssisəsinin təsis edilməsi bizim çoxdankı arzumuz idi.

Hörmətli cənab Prezident, mənim yaradıcılıq və pedoqoji fəaliyyətimlə bağlı xoş sözləriniz və yüksək qiymətiniz üçün Sizə bir daha səmim qəlbdən minnətdarlığımı bildirirəm. Mən bundan sonra da bütün səyimi Azərbaycan mədəniyyətinin çiçəklənməsi üçün sərf edəcəyəm, çalışacağam ki, mühüm tarixi hadisələrə və görkəmli şəxsiyyətlərə həsr olunmuş abidələr vətənpərvərlik, doğma torpağa, xalqımıza məhəbbət aşılasın.

Hörmətli cənab Prezident!

Sizə möhkəm cansağlığı, uzun ömür və dövlət başçısı kimi çox mühüm və gərgin işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Tokay Məmmədov

Azərbaycan Respublikasının xalq rəssamı

15 avqust, 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin