Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident!

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində mənim adım verilmiş Qlobal təhlükəsizlik və coğrafi-strateji kafedra yaradılması münasibətilə iyulun 10-da çox lütfkarlıqla göndərdiyiniz təbrikə görə dərin minnətdarlığımı bildirirəm. Həm mən, həm də SBAM-dəki bütün həmkarlarım xoş sözlərinizə görə Sizə olduqca minnətdarıq. Biz Sizin buradakı çıxışınızı xatırlayırıq və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi sahəsində göstərdiyiniz heyrətamiz səyləri böyük maraqla izləyirik.

Bakı-Ceyhan boru kəmərinin tikintisinə başlanması ilə əlaqədar sentyabrın 18-də keçiriləcək mərasimdə iştirak etmək üçün bu yaxınlarda göndərdiyiniz dəvətə görə də Sizə təşəkkürümü bildirmək istərdim. 1994-cü ildə Birləşmiş Ştatların Prezidentinin məktubunu Sizə təqdim edərkən həmin mövzuda apardığımız söhbət məndə ən canlı xatirələr kimi qalmaqdadır. Bu, gərgin bir an idi. O vaxt gecədən keçmiş apardığımız söhbət çoxsaylı strateji məsələləri əhatə edirdi və Sizin bu təşəbbüsü davam etdirmək əzminiz, ona sadiq qalmağınız söhbətin kulminasiyası oldu. Birləşmiş Ştatların Prezidentinə verdiyim hesabat Amerikanın bu məsələdə əzmini möhkəmləndirdi və mənim üçün çox böyük iftixar və məmnunluq mənbəyi oldu ki, bu çox mühüm strateji təşəbbüs reallığa çevrilir.

Çox ümidvaram ki, mərasimdə iştirak etməyə imkanım olacaqdır və mənim orada iştirakım üçün bütün lazımi işləri görməyə müvəffəq olub-olmayacağımı müəyyənləşdirməyə çalışacağam.

Xanımım da mənim sözlərimə qoşulur və Sizə ən xoş arzularını göndərir. Bildiyiniz kimi, o, Sizin böyük pərəstişkarınızdır.

Ən xoş diləklərlə,

Zbiqnev Bjezinski

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi

Vaşinqton, 5 sentyabr 2002-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin