Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Mən Azərbaycan, Gürcüstan və Türkiyə xalqlarına və Prezident Heydər Əliyevə, Prezident Əhməd Necdət Sezərə və Prezident Eduard Şevardnadzeyə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlinin qoyulması münasibətilə salamlarımı, təbriklərimi göndərirəm. 

Mən məmnunam ki, bu mühüm layihə indi həyata keçirilir və Amerika Birləşmiş Ştatları regionda yerləşən ölkələrin hökumətləri ilə ictimai və özəl sahədə sıx əməkdaşlıq quraraq, bp-nin aparıcısı olduğu sərmayəçilərlə birgə işləyərək, layihənin inkişaf etdirilməsinə fəal töhfəsini verir. Mən xüsusilə “Yunokal” və “Delta Hess” şirkətlərinin bu layihədə iştirakı, töhfəsi ilə fəxr edirəm.

Bakı-Tbilisi-Ceyhan boru kəməri uzunmüddətli faydanı təmin edəcək yeni Şərq-Qərb enerji dəhlizinin mərkəzi komponentidir. Uzunmüddətli fayda deyəndə isə, regiona yeni sərmayələrin cəlb olunması, qlobal enerji təhlükəsizliyinin güclənməsi, Xəzər hövzəsi ölkələrinin suverenliyi və müstəqilliyinin möhkəmlənməsi, bu dövlətlərin iqtisadi əməkdaşlığının genişlənməsi və onların dünya iqtisadiyyatına inteqrasiyası nəzərdə tutulur. Eyni zamanda, boru kəməri bütün region ölkələrinə, onların vasitəsilə isə dünya ölkələrinə fayda gətirəcəkdir.

Mən Sizin strateji uzaqgörənliyiniz və qətiyyətiniz sayəsində həyata keçən bugünkü mərasimə təşrif buyurmuş hökumət və şirkət rəhbərlərini alqışlayıram. Amerika Birləşmiş Ştatları möhkəm sülhün və tərəqqinin təmin edilməsi üçün Xəzərin enerji ehtiyatları sahəsində Sizinlə uzun illər davamlı əməkdaşlıq etmək əzmindədir.

Xanımım Laura da mənə qoşulur və ən xoş arzularımızı Sizə yetiririk.

Corc Buş

Amerika Birləşmiş Ştatlarının Prezidenti

Vaşinqton, 18 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin