Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident!

Yanvarın 11-də “2002-ci ilin adamı” mükafatının və diplomunun təqdim olunma mərasimində Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayev haqqında Sizin söylədiyiniz səmimi sözlər valideyn kimi bizi məmnun etdi və Azərbaycana layiq övlad tərbiyə edə bilməyimizdən bir daha şərəf duyduq. Çingiz Mustafayevin Azərbaycan naminə yaşayıb həlak olmasından qürurlanmağınız, onu xatırlayarkən hər hansı gəlişi gözəl sözə varmadan, yalnız gerçək xidmətlərini yada salmağınız və “2002-ci ilin adamı” mükafatını təqdim edən fondun Çingiz Mustafayevin adını daşıdığını xüsusi qeyd etməyiniz səmimiyyət nişanəsitək bizi mütəəssir etdi.

Hörmətli cənab Prezident!

Dövlət və millət uğrunda çarpışaraq, bu yolda həlak olmuş insanların, Prezident, xüsusən də Ali Baş Komandan səviyyəsində qiymətləndirilməsinin vətənpərvərlik ruhunda tərbiyəyə bu gün ehtiyacı olan yeniyetmə və gənclərimiz üçün xüsusi mənası var. Onlar bir daha əmin olurlar ki, Çingiz Mustafayev “Heç kim və heç nə unudulmayacaq!” deyərkən nə qədər haqlıymış. Səmimiyyət və diqqətinizə görə Sizə təşəkkür edirik.

Böyük ehtiramla

Fuad və Naxış Mustafayevlər

Azərbaycanın Milli Qəhrəmanı,

telereportyor Çingiz Mustafayevin valideynləri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin