Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Prezident!

Respublikanın müharibə, Əmək, Silahlı Qüvvələri və Hüquq-mühafizə orqanları veteranları adından Sizi – görkəmli dövlət və siyasi xadimi, Azərbaycan xalqının şanlı övladını möhtəşəm yubileyiniz - anadan olmağınızın 80 illiyi və faşizm üzərində Qələbənin 58-ci ildönümü münasibətilə ürəkdən təbrik edirik, xalqımızın səadəti, Azərbaycanın çiçəklənməsi naminə Sizə uzun ömür, möhkəm cansağlığı və səmərəli fəaliyyətinizdə yeni uğurlar arzu edirik.

Veteranlar heç zaman unuda bilməzlər ki, məhz Siz 90-cı illərin əvvəllərində yasaq edilmiş Qələbə bayramını bizə qaytardınız, onun keçirilməsini qanuniləşdirdiniz. İndi də Qələbə bayramı ərəfəsində Siz qədirbilən xalqımıza yeni bayram hədiyyəsi bəxş etdiniz – minlərlə adamın cəzaçəkmə müəssisələrindən azad edilməsi barədə qərar verdiniz. Bu tədbir xeyli azərbaycanlı ailəsini sevindirdi. Faşizm üzərində qələbənin 58-ci ildönümü ərəfəsində belə mühüm qərarın verilməsi tarixi hadisədir, qələbənin qazanılmasında xidmətləri olan hər bir azərbaycanlının igidliyinə və əməyinə verilən qiymətdir.

Hörmətli və əziz Prezidentimiz! Bu humanist addımınızla Böyük Vətən Müharibəsi iştirakçılarına, arxa cəbhədə çalışanların fəaliyyətinə verdiyiniz yüksək qiymətə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Sizi polad iradəli, xalqına arxalanan və xalqının qayğısına qalan rəhbər kimi tanıyan veteranlar həmişə Sizinlə olub və olacaqlar. Biz Sizdən başqa prezidentliyə namizəd tanımırıq. Özümüz və seçki hüququna malik olan bütün nəslimiz ancaq Sizin Prezident olmağınıza səsini verəcəkdir.

Bu əlamatdar gündə bir daha Sizi təbrik edirik. Sizə möhkəm cansağlığı, işlərinizdə yeni uğurlar arzu edirik.

Hörmətlə,

B.Rüstəmov

Respublika Veteranlar Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin