AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
AzerTAg.az
Əziz Heydər Əlirza oğlu,
Yubileyiniz günlərində dünyanın hər yerindən aldığınız çoxsaylı təbriklərə məmnuniyyətlə qoşuluram. Gürcüstanın bütün sakinləri adından və şəxsən öz adımdan əmin edirəm ki, Sizə çox dərin hörmət və ən səmimi dostluq hissləri bəsləyirəm.
Siz adları Azərbaycanın salnaməsinə qızıl hərflərlə yazılmış görkəmli dövlət xadimlərindən birisiniz. Sizin keşməkeşli və parlaq həyatınız vətənə, öz xalqına, bəşəriyyətin humanist amallarına təmənnasız xidmət nümunəsidir.
Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və regionumuzda sabitliyin təmin edilməsi işində, gənc demokratiya quruculuğunda Sizin xidmətləriniz misilsizdir.
Məhz Sizin sayənizdə ölkəniz son dərəcə ağır siyasi böhrandan şərəflə çıxmağa və dünya birliyində sanballı nüfuz qazanmağa müvəffəq olmuşdur.
Fəxr edirəm ki, məni Sizinlə sarsılmaz şəxsi dostluq telləri bağlayır.
Gürcü və Azərbaycan xalqlarının çoxəsrlik qardaşlıq və mehriban qonşuluq ənənələrinə birgə səylərimiz sayəsində güclü təkan verilmiş və bunlar keyfiyyətcə yeni səviyyəyə qalxmışdır.
Böyük İpək yolunun bərpasında, xalqlarımızın xoşbəxt gələcəyini və tərəqqisini təmin etməli olan mühüm layihələrin həyata keçirilməsində Sizin rolunuz misilsizdir.
Sizə səmimi qəlbdən yeni uğurlar, möhkəm cansağlığı arzulayır və ən xoş diləklərimi bildirirəm.
Həmişə Sizin,
Eduard Şevardnadze
Gürcüstan Prezidenti
Tbilisi, 9 may 2003-cü il
Xəbərin mətnində orfoqrafik səhv var