Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu!

Sizi yubileyiniz münasibətilə “LUKoyl” neft şirkətinin rəhbərliyi adından və şəxsən öz adımdan böyük məmnuniyyətlə təbrik edirəm.

Bununla əlaqədar, dövlət rəhbəri kimi Sizin Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun həyatında görkəmli rolunuzu qeyd etmək mənim üçün xüsusilə xoşdur.

Müxtəlif rəhbər vəzifələrdə çoxcəhətli fəaliyyətiniz Yer kürəsinin hər yerində Sizə şöhrət və haqlı hörmət qazandırmışdır. Sizi nəinki qeyri-standart təfəkkürü ilə fərqlənən müdrik siyasətçi, ölkəni demokratikləşdirmə və bazar islahatları yoluna yönəltmiş rəhbər, sülh uğrunda fəal mübariz kimi, həm də alim və görkəmli ictimai xadim kimi tanıyırlar və qiymətləndirirlər.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dünya miqyasında geniş tanınmağa nail olmuşdur. Şübhəsiz, beynəlxalq aləmdə ölkənin bu cür tanınmasının əsasını Sizin əməyiniz, əhatəli biliyiniz və zəngin həyat təcrübəniz təşkil edir. Çoxillik çətin fəaliyətiniz nəticəsində Cənubi Qafqazda əmin-amanlıq bərqərar olmuşdur və qorunub saxlanılır, işgüzar və mədəni əlaqələr bərpa edilir və canlanır, müqavilələr bağlanır və sərmayələr daxil olur.

“LUKoyl” neft şirkəti fəxr edir ki, Azərbaycan müəssisələri ilə möhkəm tərəfdaşlıq münasibətləri qura bilmişdir. Biz istəyirik ki, bu əlaqələr ölkələrimizin iqtisadiyyatının möhkəmlənməsinə səmərəli şəkildə xidmət etsin, Azərbaycan və Rusiya xalqlarının rifahının yüksəlməsinə kömək etsin.

Çox hörmətli Heydər Əlirza oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və dövlət idarəçiliyində yeni-yeni uğurlar arzulayıram.

Vahid ƏLƏKBƏROV

“LUKoyl” neft şirkətinin prezidenti

Moskva, 10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin