Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu! 

Ötən il sentyabrın 18-də, Bakıda təntənəli mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisinin startını verdilər. Sonra estafeti Ceyhan davam etdirdi, bu il mayın 23-də isə neft kəmərinin Gürcüstan sahəsinin tikintisinə başlanması münasibətilə təntənəli mərasim keçiriləcəkdir.

İcazə verin, Sizi bu, həqiqətən, çox böyük hadisə münasibətilə təbrik edim. Bu hadisə ölkələrimizin qarşılıqlı münasibətlərinin çoxəsrlik və misli olmayan tarixinin salnaməsinə qızıl hərflərlə yazılacaqdır.

Bu hadisə nəinki Azərbaycan, Türkiyə və Gürcüstan üçün, həm də bütün dünya üçün, regionumuzun xalqlarına əmin-amanlıq və firavanlıq gətirəcək “Böyük İpək Yolu”nun dirçəldilməsi ideyasının inkişafında maraqlı olan bütün ölkələr üçün sözün əsl mənasında əlamətdardır.

Hər bir belə uğurlu addım dövlətlərimizi qarşıya qoyduğumuz məqsədə - Avroatlantika məkanına inteqrasiya olunmaq məqsədinə daha da yaxınlaşdırır ki, bu da regionun dinc və demokratik inkişafının mühüm amili olacaqdır.

İndi, üçüncü minilliyin ilk çağında regionumuzun inkişafının keyfiyyətcə yeni dövrünün bünövrəsi qoyulur ki, onun da yaradıcılarından biri, əziz Heydər Əlirza oğlu, Sizsiniz.

Məhz Sizin siyasi müdrikliyiniz və yorulmadan göstərdiyiniz səylər sayəsində ölkələrimiz dünya iqtisadi və energetika inteqrasiyası prosesinə fəal surətdə qoşulmuş və dünya birliyində layiqli yerə nail olmaq və onu əldə möhkəm saxlamaq üçün nadir imkan qazanmışlar.

Gürcüstanda bunu yüksək qiymətləndirirlər ki, Azərbaycan və onun xalqı üçün ən ağır sınaqlar dövründə məhz Siz yeganə lider oldunuz və ölkəyə başçılıq edərək, müstəqil Azərbaycanın dövlətçiliyinin formalaşdırılması üçün öz xalqınız qarşısında bütün məsuliyyət yükünü öz üzərinizə götürdünüz.

Sizin təcrübəniz və siyasi uzaqgörənliyiniz nəinki dağıntılara və hərcmərcliyə məruz qalmış ölkəni çox qısa bir müddətdə dirçəliş yoluna çıxarmağa, həm də onu qlobal quruculuq proseslərinin tam hüquqlu iştirakçısına çevirməyə imkan verdi. Buna görə də haqlı olaraq Siz təkcə öz xalqınız arasında deyil, həm də beynəlxalq dairələrdə də hədsiz məhəbbət və hörmət qazanmısınız.

Bizi birləşdirən dostluq – ömrümüzün çox hissəsi ərzində davam edən dostluğumuz mənə xüsusilə əzizdir və Sizi yenə də əvvəlki kimi, tam sağlam və gümrah görməyimə xoşbəxtəm.

Əziz Heydər Əlirza oğlu, bu gün Sizinlə bizim üçün bunu görmək xüsusilə sevindirici haldır ki, Azərbaycan ilə Gürcüstan arasında çoxəsrlik qarşılıqlı münasibətlər daha yüksək, keyfiyyətcə yeni səviyyəyə qalxaraq, ölkələrimizdən ötrü tamamilə yeni perspektiv və üfüqlər açmışdır.

Bu gün bizim bir-birimizi təbrik etməyə və belə bir faktı nəzərə çarpdırmağa haqqımız var ki, biz yolun ən mürəkkəb hissəsini qət etmişik və indi möhkəm təməl əsasında ölkələrimiz demokratik cəmiyyət quruculuğu və regionumuzun təhlükəsiz, dinc inkişafının təmin edilməsi işində daha böyük müvəffəqiyyətə nail olacaqlar.

 

Şərq-Qərb enerji dəhlizi layihələrinin uğurla inkişaf tapması işində qardaş Türkiyənin və onun Prezidenti Əhməd Necdət Sezərin çox böyük töhfəsini, habelə Gürcüstanın və Azərbaycanın dövlətçiliyinin təşəkkül tapmağa başladığı ilk günlərdən Türkiyənin onlara göstərdiyi təmənnasız yardımı ayrıca vurğulamaq istərdim.

Bizim üçün bu fərəhli gündə Amerika Birləşmiş Ştatlarının və Prezident Corc Buşun nəinki Şərq-Qərb enerji dəhlizi layihələrinin inkişafına yönəldilmiş, həm də regionumuzdakı ölkələrin azad, demokratik və dinc inkişafının, əslində, bütün cəhətlərini əhatə edən çox böyük dəstəyini qeyd etməyə bilmərəm.

Bizim Sizinlə dəfələrlə vurğuladığımız kimi, müəyyənləşdirdiyimiz strateji layihələrin həyata keçirilməsində Avropa İttifaqı ölkələrindəki dost və tərəfdaşlarımızın bütün bu dövr ərzində bizə göstərdikləri məqsədyönlü dəstəyin xüsusi rolu və əhəmiyyəti var.

Beynəlxalq neft şirkətləri, habelə maliyyə və sərmayə qurumları rəhbərlərinin enerji dəhlizi layihələrinin uğurla reallaşdırılması işinə verdikləri çox böyük töhfəni də qeyd etməmək olmaz. Regionda irimiqyaslı neft-qaz layihələrinin uğurla həyata keçirilməsini məhz onların səyləri və yüksək peşəkarlığı şərtləndirmişdir və ilkin neftin nəqli üçün Bakı-Supsa boru kəməri bunlara ən parlaq misallardan biridir. Elə bugünkü hadisəni də həmin başlanğıc layihəsi olmadan təsəvvür etmək çətin olardı.

Qarşıda yeni məqsədlər, yeni qələbələr, dövlətlərimizin təşəkkülü və möhkəmlənməsinin yeni illəri durur.

Mayın 23-də keçiriləcək mərasim nəinki Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Gürcüstan sahəsinin tikintisinə start verəcək, həm də Gürcüstanın ən yeni tarixində yeni dövrün başlanğıcı olacaqdır. Odur ki, əziz Heydər Əlirza oğlu, dostluğunuza və yorulmadan göstərdiyiniz dəstəyə görə bu gün gürcü xalqı adından və öz adımdan Sizə bir daha təşəkkür etmək və şəxsən Sizə və qardaş Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq və yeni-yeni nailiyyətlər arzulamaq istəyirəm.

Biz azərbaycanlı dostlarımızın və həmkarlarımızın qarşıdakı şənliklərdə iştirakından çox şad olardıq.

Ən xoş diləklərlə,

Eduard Şevardnadze

Gürcüstan Prezidenti

Tbilisi, 20 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin