Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Prezident,

Xəzər beynəlxalq neft-qaz sərgi və konfransının 10-cu ildönümü münasibətilə başda Zati-aliləri, hörmətli cənab Prezident Heydər Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm.

Möhtərəm Əliyevin liderliyi altında 1994-cü ildən bu yana davam etdirilən və Azərbaycanın neft və təbii qazının Türkiyə üzərindən Qərb bazarlarına daşınmasında əksini tapan energi strategiyası öz bəhrələrini verməyə başlamışdır.

Bir çox dairələrdə illər boyunca bir röya kimi dəyərləndirilən və Şərq-Qərb enerji dəhlizinin təməlini təşkil edən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsində artıq tikinti mərhələsinə keçilmiş, hər üç ölkədə boruların düzülməsinə başlanmışdır. Xəzər neftini daşıyacaq ilk tankerin 2005-ci ilin birinci yarısında Ceyhanda yüklənməsi nəzərdə tutulur.

Şərq-Qərb enerji dəhlizinin ikinci istiqamətini təşkil edən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri layihəsi üzrə fəaliyyət də nəzərdə tutulan təqvim çərçivəsində irəliləməkdədir. Azərbaycan təbii qazının 2006-cı ilin üçüncü rübündə Türkiyəyə çatdırılması planlaşdırılır.

Bu layihələr üzrə işlərin bundan sonra da davam etdirilməsində Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ-ın qətiyyətli və uzaqgörən siyasəti, həmçinin layihələrin icrasında iştirak edən şirkətlərin bilikli və cəsur adamları mühüm rol oynamışdır. Türkiyə istər Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin həyata keçirilməsində, istərsə də həmin layihələrə maliyyə qaynaqları təşkil edən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrinin inkişafında Azərbaycanla sıx əməkdaşlıq şəraitində çalışır.

Konfransın 10-cu ildönümü münasibətilə bu müsbət nəticələri və həmçinin gələcəyə istiqamətlənmiş ümidlərimizi dilə gətirməkdən qürur duyuram.

Konfransın bütün Xəzər bölgəsi üçün faydalı olmasını diləyir, bu layihələrin Azərbaycan xalqı ilə birlikdə bütün region ölkələri və xalqlarının rifahına səbəb olacağına inamımı bir daha təkrarlamaq istəyirəm.

Əhməd Necdət Sezər

Türkiyə Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin