Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz və çox hörmətli cənab Prezident!

Məni müstəqil ölkəmizin ən ali mükafatı ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Bu yüksək təltif yalnız mənim yaradıcılığıma deyil, bütün altmışıncı illər ədəbi nəslinin yaradıcılığına, ümumiyyətlə, bütün ədəbiyyatımıza, sənətimizə, mədəniyyətimizə Sizin daimi və ardıcıl diqqətinizin təcəssümüdür.

Siz ən gərgin, ən çətin məqamlarda belə, bu diqqəti göstərmiş, onu vacib hesab etmisiniz, çünki Siz mədəniyyətə, sənətə, ədəbiyyata həmişə doğma münasibət bəsləmiş, ona yüksək qiymət vermisiniz.

Ədəbiyyat xalqı ifadə edir.

Ədəbiyyata bəslədiyiniz hörmət və verdiyiniz qiymət, otuz beş ildən artıq bir dövrdə Azərbaycan ədəbiyyatına göstərdiyiniz qayğı, Sizin ən sıx tellərlə məhz xalqımıza bağlılığınızın, məhz xalqımıza böyük məhəbbətinizin ifadəsidir.

Təltif olunduğum bu yüksək mükafatın məsuliyyəti məni daha artıq bir əzmlə çalışmağa sövq edəcəkdir.

Bir daha təşəkkür edir, Sizə cansağlığı, uzun ömür, xoşbəxtlik, Azərbaycan xalqının rifahı, ölkəmizin inkişafı, müstəqilliyinin möhkəmlənməsi naminə böyük fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram və qəlbən inanıram ki, belə də olacaqdır.

Həmişəki dərin hörmətlə,

ELÇİN

xalq yazıçısı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin