Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Hörmətli cənab Prezident!

Azərbaycanın bir sıra görkəmli qələm sahibi ilə birgə mənim də ədəbi fəaliyyətimi dəyərləndirdiyinizə və mənə Azərbaycanın xalq şairi adı verdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Cəmiyyətin sosial müdafiə baxımından ən həssas təbəqəsi olan elm və sənət adamlarına, ziyalılara, mədəniyyət xadimlərinə, qələm sahiblərinə diqqətiniz, onların yaradıcılıq şəraitini yaxşılaşdırmaq məqsədi ilə atdığınız addımlar, əslində, dövlətçilik ənənələrimizin möhkəmlənməsinə xidmət edir. Çünki dövlət-ziyalı münasibətlərinin yüksək səviyyədə qurulması cəmiyyətin inkişafı baxımından vacib amildir.

Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, qırx illik yaradıcılıq yolum həmişə xalqın müqəddəs ideallarına köklənib. Konyunkturadan və ideoloji buqələmunluqdan, mədhiyyəçilikdən uzaq olmuşam. Məncə, əsil ədəbiyyat və sənət yüksək bədii dəyərini qorumaqla yanaşı, həmişə xalqın xidmətində dayanmalıdır. Cəmiyyəti mənəvi aşınmadan qorumaq, xalqın tarixi yaddaşını təzələməklə milli ləyaqət duyğusunu, mübarizə və quruculuq əzmini gücləndirmək, haqqın və ədalətin, böyük insanlıq dəyərlərinin keşiyində dayanmaq, baş verən hadisələrə böyük zaman məsafəsindən qiymət vermək ədəbiyyatın əsas vəzifəsidir və mən də bütün yaradıcılığımda bu prinsiplərə söykənməyə çalışmışam.

Məncə, müstəqil Azərbaycan dövləti həm də ədəbi və ictimai fikrimizin yetirməsidir və ziyalılar onun qorunmasına, möhkəmlənməsinə, ədalət və qanunlarla idarə olunmasına daha çox çalışmalıdırlar.

Dövlət müstəqilliyinə və mənəvi dəyərlərə münasibətdə fikir ayrılıqları ola bilməz. Bu baxımdan mən Azərbaycanda dövlət və şəxsiyyət, iqtidar və müxalifət münasibətlərini həmişə xalqımızın müstəqilliyi, bütövlüyü ideallarına xidmət müstəvisində görmək istəyirəm, ədəbi və siyasi fəaliyyətim də bu istiqamətdədir.

Hörmətli cənab Prezident!

Yaradıcılığımı qiymətləndirdiyinizə görə bir daha minnətdarlığımı bildirir və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması və torpaqlarımızın azad olunması yolunda apardığınız çətin mübarizədə Sizə uğurlar azulayıram.

Hörmətlə,

Sabir Rüstəmxanlı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin