RƏSMİ SƏNƏDLƏR


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ  CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

İllər ya anket üçün lazım olan adi staj, yaxud da həmvətənlərin ehtiyacı olan çox qiymətli təcrübədir. Azərbaycan 1993-cü ildə stabil inkişaf xətti götürərək, ötən on il ərzində sosial sabitlik və iqtisadi inkişaf nümunəsi olmuşdur. Deməli, qədim bir məsəli Sizə aid etmək olar – on illik təcrübə on illik ömürdən daha çox şey verir. Siz əvvəlki onilliklərdə də, sadəcə, iş stajınızı deyil, təcrübənizi artırdığınıza görə, dünya birliyi bu gün Sizi postsovet məkanında ən görkəmli dövlət xadimlərindən biri hesab edir. Sizin siyasi uzaqgörənliyiniz Azərbaycanın gələcək tərəqqisinin təminatı, novatorluqla bərabər dövlət müdrikliyiniz qədim ölkənin çiçəklənməsinin rəhni, hadisələrə tarazlı münasibətiniz və qətiyyətiniz cəmiyyətdə ahəngdarlığın saxlanmasının ilkin şərtidir. Siz həyatın mürəkkəb siyasi çətinliklərindən keçərək, vətəndaşların şəxsi azadlıqları ilə ölkənin dövlət mənafeləri arasında ahəngdarlığa uğurla nail olursunuz. Məhz buna görə də əlamətdar yubileyiniz günündə Sizin ünvanınıza söylədiyim hörmət və ehtiram sözlərini tamamlayacaq şəxslərə məmnuniyyətlə qoşuluram. Dediklərimi isə hökmən tamamlayacaqlar, çünki Sizin şəxsiyyətiniz qeyri-adidir.

Sizin yubileyiniz Qələbə günündən sonra gəlir. Bu Qələbənin əldə edilməsində Azərbaycanın rolu hamıya məlumdur. İcazə verin, Sizi ümumi bayramımız münasibətilə təbrik edim. Bu bayram ən yeni tarixin şıltaq reallıqlarını bir tərəfə ataraq, ölkələrimiz arasındakı telləri qırılmaz edir. Əminəm ki, Rusiyanın və Azərbaycanın ali dövlət maliyyə nəzarəti orqanlarının səmərəli qarşılıqlı fəaliyyəti ölkələrimiz arasında inteqrasiya proseslərinin inkişafına töhfə verəcəkdir.

Hörmətli Heydər Əlirza oğlu, Sizi ad gününüz münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm.

Sergey Stepaşin

Rusiya Federasiyası Hesablama

Palatasının sədri

7 may 2003-cü il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin