Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ

Əziz və möhtərəm cənab Prezident!

Sizi, müstəqil dövlətçiliyimizin memarını, xilaskarını və qurucusunu 15 iyun – xalqımızın Milli qurtuluş günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanı dünyanın qüdrətli məmləkətləri sırasına çıxarmaq naminə möhtəşəm fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq!

Əziz Prezident!

Bu günlər ölkəmizin tarixində müstəsna yer tutan Milli qurtuluş gününün - siyasi varlığımızın nicatının onuncu ildönümünü bütün dünya azərbaycanlıları böyük təntənə və sevinc hissi ilə bayram edirlər. On il tarix baxımından böyük müddət olmasa da, bu illər ərzində xaqımız Heydər Əliyev dühasının gücü ilə çoxsaylı problemləri aradan qaldıraraq demokratik, hüquqi və dünyəvi dövlət qurmuş, azad, müstəqil yaşamaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirmişdir.

Möhtərəm cənab Prezident!

Qədim və şanlı tarixə malik xalqımız iyirminci əsrin əvvəllərində öz müqəddəs istəyinə - müstəqilliyinə qovuşsa da, məlum səbəblər üzündən bu müstəqilliyi qoruyub saxlaya bilməmişdi. Ancaq Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, xalqımız azadlıq əzmini daim qəlbində yaşadaraq, əsrin sonlarına yaxın yenidən dövlət müstəqilliyinə qovuşmuşdur. Müstəqilliyimizin ilk illərində ölkə rəhbərliyinin fərsizliyi ucbatından Azərbaycan addım-addım fəlakət girdabına sürüklənərək, bir dövlət kimi məhv olub dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi ilə qarşılaşmışdı. Məhz belə bir ağır məqamda xalqımız Sizi – özünün sınanmış ümummilli liderini haraya çağırdı, Siz isə canınızdan artıq sevdiyiniz xalqınızın səsinə səs verib köməyinə çatdınız. Bu, sözün əsl mənasında, “ömrünün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük şəxsiyyətin öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Sizin hakimiyyətə qayıtdığınız 1993-cü ilin 15 iyun günü xalqımızın tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Sonralar Azərbaycan Respublikasının Milli Məclisi xalqın ən müxtəlif təbəqələrinin çoxsaylı müraciətlərini nəzərə alaraq, bu günü dövlətçiliyimizin qurtuluşunun başlanğıcı kimi dəyərləndirmiş və Azərbaycan xalqının Milli qurtuluş günü elan etmişdir.

Bu qayıdışla Azərbaycan onu gözləyən labüd fəlakətlərdən qurtuldu. Müstəqilliyimizin dönməzliyi və əbədiliyi təmin edildi. Ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış siyasi, dövlət və hakimiyyət böhranı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı.

Ordu quruculuğunda qətiyyətlə aparılan tədbirlər sayəsində torpaqlarımızın işğalı dayandırıldı, cəbhə xəttində atəşkəs elan olundu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin respublikamızın ərazi bütövlüyünün qorunması şərti ilə beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə dair danışıqlara başlanıldı.

Ölkədə yaranmış ictimai-siyasi sabitlik dünya dövlətlərinin Qafqazın bu bölgəsinə marağını daha da artırdı. Xəzərin Azərbaycana məxsus sektorunda karbohidrogen yataqlarının istismarına dair dünyanın tanınmış neft şirkətləri ilə müqavilələr imzalandı. Respublikaya xarici invenstisiya axını başlandı.

Geniş miqyaslı hüquqi, siyasi, sosial, iqtisadi islahatlar aparıldı. Özəlləşdirmə reallığa çevrildi, inflyasiyanın, tənəzzülün qarşısı alındı, iqtisadi inkişafa başlanıldı. Demokratik dəyərlərin bərqərar edilməsi yolunda əməli addımlar atıldı, müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Şərq aləmində ilk dəfə olaraq, ölkədə ölüm cəzası ləğv edildi. Azad və demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi.

Milli dövlətçilik, azərbaycançılıq ideyaları şüurlara hakim kəsildi. Dilimizin, mənəvi dəyərlərimizin qorunması üçün sanballı işlər görüldü. Dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrini gücləndirmək məqsədi ilə Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Tariximizin qaranlıq səhifələrinə işıq salındı, dünya ictimaiyyəti Azərbaycan həqiqətlərindən xəbərdar oldu.

Böyük bir regionun iqtisadi tərəqqisinə təkan verə biləcək, çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi reallığa çevrildi. Azərbaycan qədim tarixi İpək Yolunun bərpası kimi transmilli iqtisadi layihənin fəal iştirakçısı oldu.

Respublikamızda dünya birliyinə inteqrasiya istiqamətində məqsədyönlü addımlar atıldı. Azərbaycan bir çox mötəbər beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tam hüquqlu üzvü oldu. Bu gün Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi İlham Əliyevin başçılığı ilə parlament nümayəndə heyətimiz bu nüfuzlu qurumda təqdirəlayiq fəaliyyət göstərir. Müasir Azərbaycan gəncliyinin lideri İlham Əliyevin AŞPA sədrinin müavini və Büro üzvü seçilməsi xalqımız tərəfindən Heydər Əliyev siyasətinin yeni bir nailiyyəti kimi qiymətləndirilmişdir.

Əziz və möhtərəm cənab Prezident!

Qədirbilən xalqımız Azərbaycanı Cənubi Qafqaz bölgəsində və onun hüdudlarından uzaqlarda söz sahibi olan bir dövlətə çevirmiş müdrik rəhbəri ilə haqlı olaraq fəxr edir. Siz özünüzün misilsiz insani keyfiyyətlərinizlə xalqımızın tükənməz məhəbbətini qazanmış, azərbaycanlılara xas olan ən müsbət keyfiyyətləri öz şəxsiyyətinizdə son dərəcə uğurlu şəkildə birləşdirmisiniz. Xalq və Vətən qarşısında göstərdiyiniz xidmətlər Sizə Azərbaycandan kənarda da böyük nüfuz qazandırmışdır. Son günlərdə Sizin Rusiya və Fransa dövlətlərinin yüksək mükafatlarına layiq görülməyiniz, Türkiyənin Qars şəhərində abidənizin ucarldılması deyilənlərə parlaq sübutdur.

Əziz Prezident!

Sizi Azərbaycan xalqının Milli qurtuluş günü münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, Vətənimizin və xalqımızın işıqlı gələcəyi naminə xilaskarlıq missiyanızda yeni-yeni uğurlar arzulayırıq! Müstəqil dövlətimizin qanunvericilik orqanı Sizin uzaqgörən daxili və xarici siyasətinizi bundan sonra da fəal surətdə dəstəkləyərək, həyata keçirdiyiniz işlərdə yardımçınız olacaqdır.

Dərin ehtiram hissi ilə,

Azərbaycan Respublikasının Milli Məclisi

(Təbrik Azərbaycan Respublikası Milli Məclisinin 2003-cü il 13 iyun tarixli iclasında qəbul edilmişdir).

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin