Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident, Əziz Dost!

Xarici İşlər üzrə Dövlət Katibi cənab Röno Müzelyenin ölkənizə səfərindən istifadə edərək, mən Fransa və Azərbaycan arasındakı əlaqələrə bütövlükdə verdiyim qiyməti bir daha Sizə bildirmək istəyirəm.

On ildən artıq bir müddət ərzində müstəqillik əldə etmiş Qafqaz dövlətlərinin göstərdikləri səylərə baxmayaraq, bu bölgənin inkişafına maneçilik törədən münaqişələr və gərginliklər hələ də qalmaqdadır. Belə anda mən arzu etdim ki, cənab Müzelye bir sülh carçısı olsun və bu regionun xoş gələcəyi naminə Sizin göstərdiyiniz səyləri Fransa hökumətinin dəstəkləməyə hazır olduğunu bir daha Sizə çatdırsın.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, mən, avqustun 14-də Prezident Köçaryanla Sədərəkdəki görüşünüz və beləliklə də, çox uzanmış bu münaqişənin sülh yolu ilə həllinin tapılmasına kömək etmək üçün bizim həmişə arzuladığımız birbaşa dialoqu yenidən bərpa etmənizdən xəbər tutub sevindim. Əmin ola bilərsiniz ki, Fransa ATƏT-in Minsk qrupu tərkibində öz vəzifəsini durmadan və qərarlı şəkildə davam etdirəcəkdir.

Digər tərəfdən, bu ilin 18 sentyabr tarixli məktubumun davamı olaraq, icazə verin, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi çərçivəsində, fransız şirkətlərinin Azərbaycanın və bütövlükdə regionun iqtisadiyyatının inkişafında fəal iştirakından nə qədər şad olduğumu bir daha Sizə bildirim.

Bu şəraitdə, hökumətin və şəxsən mənim adımdan Fransanın və fransızların yüksək ehtiram və dostluğunu Sizə yetirəcək cənab Müzelyenin ölkənizə səfərinə mən çox böyük qiymət verirəm.

Hörmətli cənab Prezident, Sizə çox yüksək hörmət və ehtiram bəsləməyimə əmin ola bilərsiniz.

Səmimi dostluq hissləri ilə,

Jak Şirak

Fransa Respublikasının Prezidenti

Paris, 28 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin